Türkiyənin Afrində zəhərli qazdan istifadə etdiyi iddia edilib

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya rəsmi xəbər agentliyi "SANA" Afrinə qarşı "Zeytun Budağı" əməliyyatı həyata keçirən Türkiyənin zəhərli qazdan istifadə etdiyini iddia edib. "SANA" Afrin xəstəxanasının baş həkiminin açıqlamalarına əsaslandırdığı xəbərində 6 vətəndaşın TSQ əməliyyatı nəticəsində zəhərli qaza məruz qaldığı və xəstəxanaya gətirildiyi məlumatını verib.

Xəstəxananın açıqlamasına görə, yaralılardan 2-nin vəziyyəti kritikdir. Xəstəxananın baş həkimi Civan Məhəmməd xəstəxanaya gətirilən 6 mülki vətəndaşı müalicə etdiyini, vətəndaşların nəfəs darlığı yaşadığını, öskürdüyünü və bədənlərinin müxtəlif yerlərində yanıqlar olduğunu bildirib. Məhəmməd bunların kimyəvi qaza işarə olduğunu irəli sürüb. "AFP"-yə danışan Suriya İnsan Haqları Müşahidə Mərkəzi direktoru Rami Abdel Rəhman da Şeyx Hədiddə TSQ və ASO qüvvələrinin əməliyyatları nəticəsində 6 nəfərin nəfəs darlığı şikayətiylə xəstəxanaya getdiyini qeyd edib.