Türkiyədə azərbaycanlıların əllərində mina partladı

Həmyerlilərimiz təcili xəstəxanaya yerləşdiriliblər, cinayət işi açılıb

Türkiyənin İğdır əyalətinin Aralık rayonunun yaxınlığındakı Kiçik Ağrı dağının ətəyində partlayış baş verib.  "Haber 7"-yə istinadən verilən  xəbərə görə, hadisə Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi zamanı baş verib.

Azərbaycan əsilli, 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minaları məhv edilmə sahəsinə apararkən partlayış olub. Əlində mina partlayan Razi Aslanov əllərindən və gözündən, Ruslan Abışov isə ayaqlarından və bədəninin müxtəlif yerlərindən xəsarət alıb. Mina təmizləmə şirkətinin əməkdaşları yaralılara hadisə yerində müdaxilə etdikdən sonra onlar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada müalicə edilən yaralılar üçün ciddi təhlükə olmadığı bildirilib. Azərbaycan, Türkiyə və Mozambikdən olan mütəxəssislərin çalışdıqları minatəmizləmə sahəsində baş verən partlayışla əlaqədar istintaq başladılıb.