Türkiyə paytaxtında İsrailə qarşı etiraz aksiyası

Türkiyə mediasına istinadən xəbər verilir ki, bazar günü (30 iyul - red.) İstanbulda Yeniqapı meydanında keçirilən tarixi Qüds mitinqindən sonra dünən də Ankarada İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. "Anadolu Gənclik Dərnəyi"nin (AGD) təşkil etdiyi aksiyaya, Səadət Partiyası, "Memur-Sen" və İHH da dəstək verib.

Səadət Partiyasının Ankara il rəhbəri Fatih Bəyazıd terror dövləti İsrailin ötən gecə "Tişa BeAv" adı verilən matəm gününü bəhanə edərək 10 minlərlə sionist yəhudinin Burak Divarının qarşısında toplandığını, dünən səhər də kiçik qruplar halında Əqsanın həyətinə daxil olduqlarını bildirərək, dünya üzərindəki bütünün etirazlara baxmayaraq İsrailin zülmə davam etdiyini deyib.

AGD Ankara Şöbəsinin sədri Həsən Karaman isə çıxışında bazar günü yüz minlərlə insanın iştirakı ilə İstanbulda keçirilən Böyük Qüds Mitinqinin baş verənlər qarşısında yekun bir addım olmadığını bildirərək, "Kimsə bizim bu mitinqin ardınca qabığımıza çəkilib baş verənlər qarşısında səssiz qalacağımızı düşünməsin",- deyib.