Türkiyə jandarmasının komandanı Bakıya gəlib

Türkiyə jandarmasının komandanı, general Arif Çetin çərşənbə axşamı Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti ilə Bakıya gəlib.

DİN-in mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı iki ölkənin güc qurumları arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Arif Çetin qeyd edib ki, Türkiyə Azərbaycanın Silahlı Qüvvələrinin və Daxili Qoşunlarının möhkəmləndirilməsi üçün səyləri davam etdirəcək.

Elə bu gün Azərbaycan Daxili Qoşunlarının Baş İdarəsində ölkə DQ-nin komandanı Şahin Məmmədovla görüş keçirilib.

Türkiyə nümayəndə heyətinin səfəri avqustun 16-na qədər davam edəcək. Səfər çərçivəsində qonaqlar Bakıda Daxili Qoşunların təlim obyektlərinə və hissələrinə baş çəkəcək, Daxili Qoşunların Təlim Mərkəzində taktiki təlimlərin keçirilməsini müşahidə edəcəklər.