Türk təyyarəsinin qara qutusundan bu məlumat çıxmadı

İstanbula qayıdarkən İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin uçuşunun texniki göstəricilərini qeydə alan qurğunu nəzərdən keçirmək mümkün olmayıb.

Bu barədə “Hürriyət” yazıb.

Məlumata görə, İranda 11 nəfərin ölümünə səbəb olmuş qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb. Türkiyədən gedən heyətin də iştirakı ilə keçirilən komissiya iclasında tapılmış məlumatlar və atılmalı olan addımlar müzakirə edilib.

Təyyarənin pilot kabinəsindəki danışıqları əldə etmək mümkün olsa da, digər qara qutuda yerləşən uçuş göstəricilərinin saxlandığı yaddaş qurğusu qəza zamanı ağır zərbə aldığına görə onu nəzərdən keçirmək mümkün olmayıb.

Qeyd edək ki, İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub. “Başaran Holdinq”ə məxsus təyyarə şirkətin rəhbəri Hüseyn Başaranın qızı Mina və 7 rəfiqəsini Dubayda keçirilən “Subaylığa vida partisi”ndən gətirirmiş.

8 sərnişin və 3 ekipaj üzvü – ümumilikdə 11 qız hamısı həlak olub.