“Turan” agentliyi Vergilər Nazirliyindən yazılı qərar istəyir

“Biz Vergilər Nazirliyindən “Turan” agentliyinə qarşı irəli sürülən 38 min manat vergi borcunun və cərimənin ləğv edilməsi ilə bağlı qərar istəyirik”.

Bunu  "Turan" agentliyinin direktoru Mehman Əliyev Modern.az-a açıqlamasında deyib. O bildirib ki, qeyd edilən məsələ ilə bağlı indiyə qədər qərar ala bilməyiblər:

“Bilirsiniz, 15 sentyabrda 38 minlik  borc yeni qərarla bərpa olunmuşdu. Həmin bərpa qərarla da silinməlidir. Vergilər Nazirliyi borcu qərarsız, elə-belə silib. Bu, bizi qane etmir. Digər tərəfdən cinayət işinə xitam verilməsi ilə bağlı qərar var. Lakin qərarın surətini bizə təqdim etməyiblər. Biz onu da tələb edirik. Bununla bağlı məktub yazmışıq, hələ ki cavab yoxdur”.

M.Əliyev qeyd edib ki, “Turan” agentliyi hazırda fəaliyyətini normal davam elətdirir və heç bir problem yoxdur.

Qeyd edək ki, noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna 38 min manatdan çox vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş, həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üçün səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub. Yoxlamanın ləğvi barədə 6 noyabr tarixli rəsmi qərar agentliyə noyabrın 13-də daxil olub.

Ancaq agentlik  38 min manatdan çox vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu hələlik almayıb.

Lokal Gəlirlər Departamenti avqustun 7-də Turan agentliyini 2014-2016-cı illər üçün 27 min manat vergidən yayınmada ittiham edib. Cərimə ilə birlikdə ümumi məbləğ 38 min manatdan çox təşkil edib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.