EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Tramp impiçment dinləməsinə ‘getməyəcək’

Tramp impiçment dinləməsinə ‘getməyəcək’

ABŞ Prezidenti Donald Tramp və vəkilləri bu həftə Nümayəndələr Palatasında keçiriləcək impiçment dinləməsinə getməyəcək. Bunu Ağ ev bildirib.
 
Bu barədə AzadlıqRadiosu dekabrın 1-də Palatanın Ədliyyə Komitəsinə məktubunda Ağ evin müşaviri Pat Cipollone araşdırma zamanı "gərəkən prosedur və fundamental ədalətin qətiyyən təmin olunmadığını” qeyd edir.
 
İmpiçment maddələrini hazırlamalı olan komitə dekabrın 4-dən ictimai dinləmələrə start verir.
 
Palatanın üç komitəsi Trampın ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə iyulda baş tutmuş telefon söhbətini araşdırır. Həmin söhbət zamanı Tramp həmkarından xahiş edib ki, gələn ilin prezident seçkisində demokratlardan potensial rəqibi Joe Biden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynada enerji şirkəti üçün işləyib.
 
İmpiçment araşdırması Trampın həmin xahişlə səlahiyyətini aşıb-aşmadığını tədqiq edir.
 
Tramp araşdırmanı "əcinnə ovu” adlandırır.
 
Cipollone məktubunda yazır ki, Ağ ev 4 dekabr dinləməsinə dəvət alsa da, hazırlaşmağa kifayət qədər vaxt, həmçinin şahidlər barədə informasiya verilməyib.
 
Ağ ev ikinci dinləməyə dəvəti ayrıca – dekabrın 6-dək cavablandıracaq, o yazır. Həmin dinləmənin vaxtı hələlik, bəlli deyil
 
Komitə sədri Jerrold Nadler ötən həftə Trampa yazır ki, prezident ya impiçment dinləməsində iştirak edə bilər, ya da "prosesdən şikayətlənməyi dayandırmalıdır”.
 
Palatanın 3 komitəsi impiçment məsələsini səsverməyə çıxarmaqla bağlı tövsiyəsini verməlidir. Palata bunu təsdiqləsə, Senatda impiçment həyata keçirilməlidir.
 
Senat Trampın Respublikaçı Partiyasının nəzarətindədir və prezidentin vəzifədən kənarlaşdırılmasından ötrü üçdə iki səs çoxluğu lazımdır. Bu səbəbdən onun təqsirli bilinəcəyi mümkün görünmür.
 
Palatanın kəşfiyyat komitəsində şahidlər qapalı ifadələr verəndən sonra iki həftə ərzində keçirilən ictimai dinləmələrə ötən həftə yekun vuruldu.

Facebook