"Təpki yumşaq olarsa, Mehman Əliyevdən başqa kimsə buraxılmayacaq..."

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev sentyabrın 11-də prezidentin tövsiyəsi əsasında azadlığa buraxılıb. 
 
İctimaiyyət nümayəndələri və siyasilər agentlik direktorunun azadlığa çıxmasını müxtəlif amillərlə əsaslandırdılar. Yaranan situasiya digər siyasi məhbusların da azadlığa buraxılması ehtimalını gündəmə gətirdi.  
 
Məsələni şərh edən hüquq müdafiəçisi Rəsul Cəfərov ToplumTv-yə deyib ki, şəxsi qənaətinə görə, Mehman Əliyevin azadlığa çıxmasında bir neçə amil rol oynayıb: "Birincisi, son dövrlərdə Azərbaycana gələn, Azərbaycanla bağlı mövge bildirən müxtəlif subyektlər siyasi məhbus məsələsində eyni mövqedən çıxış etmiş olurlar. ATƏT PA-nın rəhbərindən tutmuş, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentinə qədər hamısı bu və ya digər dərəcədə siyasi məhbus məsələsində narahatlıqlarını ifadə ediblər". 
R.Cəfərov deyir ki, ikinci amil Senatda konkret ünvanlı sanksiya təklifinin səsləndirilməsi olub: "Sonuncu amil də Azərbaycanın indi əvvəlkindən daha zəif maliyyə, iqtisadi vəziyyətində beynəlxalq maliyyə institutlarından aldığı dəstəyə ehtiyacının yüksək olması ilə bağlıdır. Bir neçə həftə sonra həm AYİB, həm də İnvestisiya Bankı Azərbaycanın kreditlərlə bağlı müraciətlərinə baxacaq. TAP və TANAP layihələrinin keçirilməsi müəyyən mənada bu kreditlərdən asılıdır”.
 
"Qeyd etdiyim məsələlər və çox güman ki, bizim müşahidə etmədiyimiz, amma Azərbaycan hökuməti ilə danışıqlarda vahid mövqedən çıxışetmə həm Mehman Əliyevin azad olunmasına, həm də digər adları siyasi məhbus siyahısında olan bəzi məhbusların azad olunması ilə nəticələndi. QHT-lərlə bağlı qanunvericiliyə təkliflər var. Düşünürəm ki, bu təkliflərlə bağlı da pozitiv xarakterli qərarlar olacaq", - deyə Rəsul Cəfərov əlavə edib.
 
Hüquq müdafiəçisi deyir ki, digər siyasi məhbusların da azad olunması üçün bu xətt saxlanılmalıdır: "Eyni işlər həmin şəxslər üçün də görülməlidir. Mən yerli hüquq müdafiəçisi olaraq deyirəm ki, özümüzün edə biləcəyimiz məsələləri edəcəyik. Eyni zamanda çağırışımız ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət ciddi şəkildə mesajlar versin. Vahid mövqedən çıxış etsin. Əslində, eyni məsələlər həm də yerli ictimaiyyətə aiddir. Daha çox həmrəylik olmalıdır, fəallıq göstərilməlidir".
 
Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov digər siyasi məhbuslara müsbət təsirin olması üçün Qərb düsərgəsinin prinsipial mövqeyini qoruyub saxlamasının lazımlığını qeyd edib: "Digər siyasi məhbusların da buraxılmasında təkid edilməsi gərəkdir. Bu gün bu yöndə elə də ürəkaçıcı xəbər yoxdur. Hətta Amerikadakı senator da Mehman Əliyevin azadlığa buraxılması ilə bağlı məmnunluğunu bildirib. Məsələ şəxslərə bağlanmamalıdır. Bu insanlar tutulanda heç kəs səsini çıxarmayacaqsa, yüngül reaksiya verəcəksə, yenə də bir gün çox tanınmış insan həbs olunacaq. Bu şəkildə yanaşılmamalıdır. Xatırlatmaq istəyirəm ki, bu proses birdəfəlik baş verməyib. Əvvəlcə müxalif düşərgəyə daxil olan sıravi üzvlər, sonra isə ilk baxışda toxunulmaz görünən QHT rəhbərləri, jurnalistlər, digərləri həbs olunmağa başladılar. Təpki yenə yumşaq olarsa, Mehman Əliyevin azadlığa buraxılması ilə kifayətlənəcəklərsə, bu, heç də yaxşı tendensiyadan xəbər verməyəcək".
"Müsbət addım həmişə var. Sadəcə, görünür, onların özünün yanaşmasından, müraciət etmələrindən və şəxslərin törətdikləri əməllərin uyğun gəlib-gəlməməsindən asılıdır".
 
Bunu isə Mətbuat Şurasi İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
 
Onun sözlərinə görə, Mehman Əliyev azadlığa çıxmaq üçün müraciət edib və bu, birinci vacib şərtdir. 
 
M.Ələsgərli prezidentin bu ilin fevralında alternativ cəzaların tətbiq olunması ilə bağlı verdiyi sərəncamı da xatırladıb: "Prezident baxır ki, verilmiş cəza onlara uyğun gəlir, yoxsa yox. Qərar hansı maddə üzrədir, alternativ cəzaya uyğundur, yoxsa yox".
 
"Bir məsələ də var ki, digər jurnalist dediyimiz şəxslər hansı maddə ilə həbsə düşüblər. Bildiyim qədərilə bizdə jurnalistika fəaliyyətinə görə həbsə düşənlər yox dərəcəsindədir", - M.Ələsgərli əlavə edib.
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev avgustun 25-də vergidən yayınma maddəsi ilə azadlıqdan məhrum edilmişdi.