Tofiq Zülfüqarov: Piyadanın ölümünə səbəbkar deyiləm

Qəzada iştirakım çox nisbi olub”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qəzaya düşüb. Hadisə nəticəsində piyada həlak olub.

Bu barədə “Report”a danışan keçmiş nazir deyib ki, yol-nəqliyyat hadisəsi Zığ şossesində baş verib. Qəflətən maşının önünə çıxan piyada Uğur Vəliyev onun avtomobilinin güzgüsünə dəyib. Bundan sonra onun üstündən üstündən yük maşını keçib.

Uğur Vəliyevin ölümünə səbəb olmadığını deyən T. Zülfüqarov hadisədə şahid kimi ifadə verdiyini bildirib:

“"Mənim qəzada iştirakım çox nisbi olub. O, mənim maşınımın yan güzgüsünə yüngül dəyib. Mən Xətai Rayon Polis İdarəsində aparılan istintaqda şahid qismində ifadə vermişəm. Texniki ekspertiza aparılır. Müşahidə kameralarında olan görüntülərə baxılıb və tam şəkildə sübut edilib ki, qəzada mən heç bir qanun pozuntusuna yol verməmişəm. Hətta maşının sürəti nəzərdə tutulan həddən aşağı olub".

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.

T.Zülfüqarov 1998-99-cu illərdə Azərbaycanın Xarici İşlər Nazirliyinə rəhbərlik edib. 2005-2015-ci illərdə isə Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.