Tofiq Zülfüqarov: Hazırda münaqişə hərbi dövrdən diplomatik dövrə keçir

Tofiq Zülfüqarov: Hazırda münaqişə hərbi dövrdən diplomatik dövrə keçir

Zərdüşt Əlizadə: Müqavilədə gözəl imkanlar var ki, Azərbaycan özü üçün istifadə edə bilər

Noyabrın 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında imzalanan sənəd bir sıra suallar doğurur. 9 bənddən ibarət olan sənədə görə Azərbaycan ərazisinə Rusiya sülhməramlıları yerləşdirilir. Onların qalma müddəti 5 il göstərilib. Sənəddə qeyd olunub ki, Ermənistan Respublikası, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və eyni zamanda, Laçın dəhlizini (5 km enində) geridə qoyaraq Kəlbəcər bölgəsini 15 noyabrda, Laçın rayonunu isə 1 dekabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytaracaq. Bu və digər bəndlərin yaratdığı sualları Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarova və siyasi icmalçı Zərdüşt Əlizadəyə ünvanladıq.

“Hansısa mərhələ üçün indiki nəticə böyük qələbədir”

Tofiq bəy, Azərbaycanın ərazi bütövlüyü tanınmayan və rus ordusunun yenidən qayıtmasını təsdiqləyən sazişi necə qiymətləndirisiniz?

- Bu, saziş deyil, bəyanatdır və sənədin icrasına aid danışıqlar hələ davam etməlidir. Sənədin icra olunması da hələ sual altındadır, çünki Ermənistanda məlum hadisələr baş verir. İndiki mərhələdə sənədə qiymətə gəlincə, bu, hərbi mərhələdə Azərbaycanın böyük qələbəsi sayıla bilər. İstisna etmirəm ki, münaqişənin diplomatik mərhələsi başlayır, ona görə konkret nəticələrə gəlmək hələ tezdir. Bu mənada hadisələri izləməli və davamını gözləməliyik. Rus ordusunun gəlməsi təhlükələri haqda danışılır, eyni zamanda, Türkiyə ordusunun da proseslərdə iştirakı gözlənilir.

Ancaq bəyanatda Türkiyə ordusunun iştirakı haqda heç nə yoxdur...

- Real baxımdan Azərbaycan tərəfdən ən azı müşahidəçi qismində onlar olacaq, dəqiq məlumat olmasa da, buna oxşar məlumatlar var, mən elə başa düşdüm. Türkiyənin Azərbaycanda mövqelərinin güclənməsi artıq faktdır. İkincisi, biz bəzən bu təhlükəyə lazımi qiymət vermirdik, amma Azərbaycan ordusu hücum əməliyyatlarını davam etdirsəydi, erməni diasporası və dövləti bizə qarşı təbliğat səviyyəsində müharibə başlayardılar. Deyərdilər ki, Azərbaycan genosid edir. Təbii ki, biz bunu rədd edəcəkdik. Ancaq Türkiyənin təcrübəsi göstərir ki, azı on illər ərzində onlar bizim siyasətimizə təsir edəcəkdilər və havadarları da bundan bəhrələnəcəkdi. İndi isə biz bu təhlükədən uzaqlaşırıq. Hazırda Kəlbəcər, Ağdam, Laçın, Qazaxda işğalda saxladıqları kəndlər və digər yerlərdən erməni hərbçiləri çıxarılacaq, Rusiyanın icrasıyla birgə. Bu baxımdan bəyanatda həm müsbət, həm də mənfi cəhətləri görürəm. Amma mən erməni diasporunun təbliğat məsələsini təhlükəsini real görürəm.

Sənədlə bağlı suallar qalır, məsələn, Ermənistan ordusunun çıxarılması qeyd olunur, separatçıların silahlı birləşmələrinə toxunulmur...

- Bir məsələ var ki, gediş-gəliş Rusiyanın nəzarətində olacaq. Gələcək danışıqlar mərhələsində regionun təhlükəsizliyi gündəmdə olacaq. Amma əsas məsələ ondan ibarətdir ki, əvvəllər Ermənistan işğalçı ordusunu təhlükəsizliyin təminatçısı kimi göstərirdi, indi isə təminatçısı qismində Rusiya və Türkiyədir. Ümumi baxımdan, bu, vəziyyətin müsbət dinamikasıdır.

Ermənistan parlamenti bəyanatı ratifikasiya etməsə, ardınca Baş nazir Paşinyanı istefaya göndərsə, vəziyyət dalana dirənmirmi?

- Təhlükələr çoxdur. Əgər Ermənistanda vəziyyət qarışsa, Kəlbəcəri, Ağdamı, Laçını azad etmək üçün daha çox əsaslar olacaq və proses bəlkə də Rusiyanın köməyilə baş verəcək. Hə

halda Azərbaycan və Türkiyəyə bununla bağlı təminatlar verilib.

Bütün hallarda Rusiya ordusunun Azərbaycana qayıtması sizdə narahatlıq yaratmırmı?

- Narahatlıq üçün əsaslar var. Çünki istər-istəməz bununla Azərbaycanın suveren hüquqları bu və ya digər şəkildə sülh naminə güzəşt edilir. İkinci, rus ordusunun missiyası üçtərəfli sənədin əsasında baş verir və onun legitimliyi nisbidir. Beynəlxalq qanunlara görə, sülhməramlı missiyası təkcə BMT-nin vasitəsilə həyata keçirilə bilər, yəni bununla bağlı xüsusi qətnamə lazımdır. İstisna etmirəm ki, bu missaya qalacaqsa, BMT-də hansısa müzakirələr olacaq. Hazırda münaqişə hərbi dövrdən diplomatik dövrə keçir. Yəni, hansısa mərhələ üçün indiki nəticə böyük qələbədir. Amma bizim əsas məqsədimiz olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam şəkildə bərpası hələ qalır. Yəni, 20 faiz işğal olunmuş ərazilərdən orta hesabla 4-5 faiz qalır, bu mənada böyük uğurdur.

Tofiq bəy, məsələ ondadır ki, Budapeşt Sammitinə görə sülhməramlılar yalnız kənar dövlətlərdən ola bilər. Dünənki sənədlə bu prinsip pozulmadımı?

- Dediyiniz məsələ ATƏT çərçivəsində razılaşdırılmışdı. İndi isə tam başqa format əmələ gəlib və bu, bizim istədiyimiz şəkildə formalaşıb, Rusiya-Türkiyə formatı. Hesab edirəm ki, bu, müsbət haldır. Məncə, Türkiyədən gələn müşahidəçilər bizim üçün daha önəmlidir, nəinki Finlyandiyadan, yaxud İsveçdən.

- Sənəddə Xankəndi, Ağdərə, Xocalı öz əksini tapmayıbsa, bu, “Volski Komitəsi”nin Qarabağa qayıtması anlamını vermirmi?

- Bilirsiniz, Volski və başqa təşkilat komitələri də olub. Mən bir daha təkrar edirəm, münaqişə qalır, gecə imzalanan sənəd yekun sülh sazişi deyil. Məhz ona görə biz əsas məqsədimizə çatmaq üçün yolun böyük hissəsini keçmişik. İndi ümidlər var ki, işğal altında qalan digər ərazilər sülhlə qayıtsın. Dediyiniz digər məsələlərə gəlincə, onun da həllinə nail olacağıq, yəni mübarizə davam edir.

Siz inanırsınızmı ki, Ermənistan ordusu noyabrın 15-də Kəlbəcəri, dekabrın 1-də isə Laçını və digər əraziləri azad edəcək?

- Əgər onlar hansısa bəndi yerinə yetirməsələr, biz də öhdəliklərimizi yerinə yetirə bilərik. İkinci, Rusiya və Türkiyənin bu məsələyə təminat verdiyiniunutmayaq, çox vacib amildir. Yəni, həmin rayonların azad olunması artıq bir öhdəlikdir. Təkcə Rusiyanın yox, həm də Türkiyənin. Bu baxımdan bizim mövqeyimiz və tələblərimiz daha güclü şəkildə səslənə bilər.

Zərdüşt Əlizadə: “Əgər özümüzü ağıllı aparsaq, sənəd Azərbaycanın xeyrinədir”

Zərdüşt bəy, Azərbaycanın ərazi bütövlüyü tanınmayan və rus ordusunun yenidən qayıtmasını təsdiqləyən sazişi necə qiymətləndirisiniz?

- Sualında qeyri-dəqiqlik var, necə yəni Azərbaycanın ərazi bütövlüyü tanınmır? Sənəd Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma rus ordusu müəyyən missiya ilə Azərbaycana gəlir. Yəni, 5 illiyinə və sülhməramlı kimi gəlir. Əgər Azərbaycan 5 ildə ağıllı siyasət yürütsə, Dağlıq Qarabağda qalacaq 10-15 min ermənini öz tərəfinə çəkə bilsə, ciddi dəyişiklik olacaq. Nəzərə alın ki, Ermənistanla da ciddi ticari əlaqələr açılsa, iqtisadi-insani münasibətlər qursaq, əminəm ki, onlarla da Türkiyə arasında sərhədlər açıqlacaq, münasibətlər qurulacaq. Ola bilsin ki, 5 ildən sonra biz sülhməramlılara ehtiyacın olmadığını, etibarın, etimadın yarandığını deyəcəyik. Əgər 5 il həmin məqsədlərə çata bilməsək, 10 ilə çatarıq, ondan sonra da sülhmərmlılar da ərazini tərk edər. Ona görə mən sənədlə bağlı hansısa məğlubiyyəti görmürəm. Gerçək vəziyyət odur ki, əgər döyüşləri davam etdirsəydik, fərz edək ki, 1000 əsgər də itirə bilərdik. Əgər əməliyyatdan əvvəl dediyimiz şərtləri Ermənistana qəbul etdirirlərsə, biz nə üçün buna yox deməliyik?! Havasız fəzada yaşamırıq, beynəlxaq aləm var. Yəqin ki, prezidentin son bir ayda verdiyi müsahibələrdə beynəlxalq ictimai rəyin tərəflərə fərqli yanaşdığını görmüsünüz.

Yenə qayıdaq ərazi bütövlüyü məsələsinə, sənədin bəndlərində bu barədə heç nə yoxdur axı...

- Mən də sənəddə 2+2=4-ə rast gəlmədim. Əməliyyatın əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ermənistan sənədi imzalayırsa və Qarabağdan qoşunlarını çıxartmaq öhdəliyin götürürsə, bunun tərcüməsi necədir?

Ermənistan ona əməl edəcəkmi?

- O artıq bizdən asılıdır. Azərbaycan özünü müasir dövlətə, müasir hüquqa, düşüncəyə layiq aparsa, qələbə bizimdir. Bir çox sənədlərdə yazılırdı ki, Almaniyanın kapitulyasiyası SSRİ-nin şəksiz qələbəsiydi. Ancaq 40 ildən sonra SSRİ çökdü, parçalanmış Almaniya birləşdir. İndi sənəd imzalanıb, biz elə vətəndaş cəmiyyəti quraq ki, inkişafa nail olaq, güclənək ki, bizə konstitusiyamızın tapdalandığını irad tutmasınlar. Yaxud “hakimləriniz, icra başçılarınız rüşvətxordur, zalımdır” iradları olmasın, normal cəmiyyət quraq ki, ermənilər burda yaşamaq istəsin. Ermənilər Azərbaycanda yaşamağı özləri üçün səadət hesab etsinlər, nəinki azərbaycanlılar bərbad idarəetmədən Avropaya qaçsınlar.

Sənəddə Ermənistan ordusunun çıxarılması göstərilib, bəs separatçıların silahlı birləşmələri necə olacaq?

- Dərs verilibsə, onu oxuyub öyrənmək lazımdır. Bir ölkədə iki ordu ola bilməz, yalnız milli ordu ola bilər. Dağlıq Qarabağ separatçıları, onların ordusu, texnikası ola bilməz. Əgər Rusiya sülhməramlıları gəlirsə, onlar təhlükəsizliklərini ruslara etibar edir. Əks təqdirdə, ruslar nəyə lazımdır?Sülhməramlılar hansısa azlığın təhlükəsizliyini qorumaq üçün lazımdır. 1690 hərbçi gəlir, az deyil, bir polkdur, görsünlər ki, biz onların təhlükəsizliyinə təcavüz etmirik, heç əvvəllər də etmirdik.

Amma Rusiya sülhməramlıları Gürcüstanla Abxaziya, Osetiya arasında da yerləşdirildi, nəticə o oldu ki, qonşularımız ərazilərini itirdi və Kreml separatçıların müstəqilliyini tanıdı...

- Konkret texnologiya vardı və gürcülər təxribata getdilər, nəticədə uduzdular. Biz də bundan dərs götürüb heç bir təxribata getməyək. Dünən Naxçıvanla sərhəddə helikopter nəyə görə vurulmuşdu? İki səbəbdən: ya super axmaq onu vurub, ya super casus. Axı sənin rus helikopterinlə nə işin var? Nə edə bilərdi bir helikopter Azərbaycana? Sərhədimizi keçsəydi, saxlanılacaqdı, ya da şəkil çəkib gedəcəkdi. Hansı savadsız və casus onu vurubsa, cəzası ağır olmalıdır.

Sənəddə Xankəndi, Ağdərə, Xocalı barədə heç nə deyilmir, ikinci, Qarabağdakı ermənilər Azərbaycan qanunlarını və pasportunu qəbul edib yaşamağa razılaşacaqlarmı?

- Özləri bilərlər. Harasa getmək istəsələr, buyursunlar. Yox, Azərbaycanda məqam tutmaq istəsələr, o zaman qəbul etməlidirlər. Əks təqdirdə, gələcəklərini Ermənistanla bağlayırlarsa, Laçın yoluyla bir neçə dəfə gedəndən sonra orda da qalacaqlar.

Siz hazırda etirazlar başlayan Ermənistan parlamentinin sənədi ratifikasiya edəcəyinə inanırsınızmı?

- Bilirsiniz, artıq fərman sultanındır, dağlar bizimdir. Yenə özləri bilər, Ermənistandakı hadisələr bizi maraqlandırmır, nəyimizə lazımdır bundan sonra orda hakimiyyətə kim gəlir?! Biz ona nail olmuşuq ki, Ermənistanın əsas havadarı Rusiya bu qərar əsasında bizimlə razılaşıb. Əgər özümüzü ağıllı aparsaq, sənəd Azərbaycanın xeyrinədir.

Deməli, siz sənədi müsbət dəyərləndirisiniz?

- Əlbəttə, tam müsbət qiymətləndirirəm.

Yəni, sənəddə Azərbaycan üçün təhlükəli detallar da yoxdur?

- Yenə deyirəm, özümüzü ağılsız aparsaq, hakimiyyətdə xainlərə yer versək, sənəddə Azərbaycanın başını kəsə biləcək maddələr var. Amma özümüzü vətənpərvər, ağıllı və məntiqli aparsaq, o zaman müqavilıni 100 faiz xeyrimizə işlədə bilərik. Burda obrazlı desəm, maşını sürməyi bacarmaq lazımdır. Müqavilədə gözəl imkanlar var ki, Azərbaycan özü üçün istifadə edə bilər. Əks təqdirdə, özbaşına məmurlar yenə at oynadacaqsa, pis olacaq.

Zərdüşt bəy, əminsizmi 5 ildən sonra rus sülhməramlıları Azərbaycanı tərk edəcək?

- Sənəddə yazılıb ki, rus sülhməramlıları 5 illiyə gəlir. Onların getməsinə 6 ay qalmış tərəflər getməsi haqda məsələ qaldırmasalar, deməli, mexaniki qalırlar. Yox, 5 ildən sonra Ermənistanla və ermənilərlə ədavəti götürən şəraiti yarada bilsək, o cümlədən, Türkiyə Ermənistanla münasibətləri yaxşılığa doğru quracaqsa, 6 ay qalmış rusların getməsi məsələsini qaldıra bilərsən. Nədir, deyəcək ki, getmirəm?

Facebook