Tofiq Yaqublu: Qarabağ məhbusları həbs olunmasaydılar, könüllü döyüşə gedəcəkdilər

Tofiq Yaqublu: Qarabağ məhbusları həbs olunmasaydılar, könüllü döyüşə gedəcəkdilər

"Bunu demokratik addım, demokratik yumşalma kimi qiymətləndirmək olmaz. Bu yalnız mövcud konyukturaya uyğun qəbul edilmiş qərardır. Sabah konyukturanın tələbi dəyişsə, hakimiyyət yenə sərt addımlar atacaq”.  
 
Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu  "Qarabağ məhbusları"nın bir hissəsinin ev dustaqlığına buraxılmasına münasibət bildirərkən belə deyib. 
 
Noyabrın 16-da Səbail rayon məhkəməsində Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. 
 
Hakim dövlət ittihamçısının vəsatətini təmin edib və 12 nəfər AXCP, 2 nəfər Müsəlman Birliyi Hərəkatının üzvü də ev dustaqlığına buraxılıb. 
 
İnsanların azadlığa buraxılmasını müsbət addım kimi qiymətləndirən Tofiq Yaqublu bildirib ki, "Qarabağ məhbusları" azadlığa buraxılmayıblar: "Barələrində seçilmiş həbs qəti imkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib. Amma burda da bir məqam var: niyə hamsı yox, cinayət işi qaldırılan 36 nəfərdən cəmi 21-i  buraxılıb?”
 
Tofiq Yaqublu "Toplum TV"yə deyib ki, 1993-cü ilin 15 iyunundan Azərbaycanda qanunlar işləmir: "Hakimiyyətin ancaq siyasi amnistiyaları və qərəzi rol oynayıb. Lazım bildikləri adamları həbsdən azad edirlər, istəmədikləri adamları həbs edirlər. Qanun belə deyir deyə yox, hakimyyətə belə sərf edir deyə”.
 
Onun sözlərinə görə, İlham Əliyev artıq qalib ədası ilə danışır və mesaj verir ki, istədiyim adamı azadlığa buraxa bilərəm: "Amma həmin adamları həbs edən zaman hakimiyyətə qarşı tələblər ciddi idi. O vaxt qorxudan həbsə atmışdılar. Hakimiyyət cəmiyyətdən qorxurdu. İndi torpaqların qaytarılmasından sonra xalqın əhval-ruhiyyəsi dəyişdi”.
 
Yaqublu deyir ki, "Qarabağ məhbusları" könüllü döyüşə getməyə hazır olan adamlar idi: "Gecə vaxtı meydana məhz buna görə çıxmışdılar. Həbsdə olmasaydılar, könüllü olaraq ordu sıralarında olacaqdılar, amma həbsə atıldılar”. 
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin sözlərinə görə, verilən qərar yumşalmanın göstəricisidir: "Bütün hallarda müsbət addım kimi qiymətləndirilə bilər. Hələ ki zindanlarda xeyli məhbuslar var, onların hamısı azad olunmalıdır. Azərbaycan cəmiyyətinin həm diplomatik, həm də hərbi sahədə təhlükələrdən birlikdə çıxmaq üçün həmrəyliyə, siyasi tolerantlığa  ehtiyac var”. 
 
O, bu addımların davamı olacağına ümid etdiyini deyir. 
 
ReAl Partiyasının üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov "Qarabağ məhbusları"nın bir hissəsini ev dustaqlığına buraxılmasını alqışalayiq və müsbət bir qərar sayır.
 
Onun sözlərinə görə, iyul ayından bu yana irəli sürülən ittihamların sübutu yox idi: "Onlar faktiki əsassız şəkildə həbsdə saxlanmışdılar. Bu qərar da cinayət işinin bağlanması və ya tam bəraət deyil. Bizim çağırışımız ondan ibarətdir ki, cinayət əməlləri yoxdursa, prosesin yekununda bəraət verilsin. Kadrlardan görünür ki, orada qanunazidd hərəkətlər olub, parlamentin binasına daxil olunub, polisin maşını aşırılıb. Bu hərəkətləri dəqiq kim edibsə, cəzanı onlar almalıdır”. 
 
Qərarın demokratik islahat olmadığını deyən hüquqşünas bildirib ki, bütün siyasi məhbuslar azadlığa buraxılması, məhkəmə hüquq sisteminin müstəqilliyinin təmin olunanması yalnız demokratik islahat hesab oluna bilər. 
 
Onun fikrincə, Qarabağda qazanılan uğur həm də ölkənin digər problemlərinin həll olunmasına kömək etməlidir: "Siyasi hüquqlar, insan haqları sahəsində də addımlar atılmalıdır. Bunun üçün heç bir maneə yoxdur. Siyasi məhbusları azad etmək üçün ancaq siyasi iradə lazımdır. Biz də davamlı çağırışlarımıza davam etməliyik ki, bu problemlər öz həllini tapsın. Cəmiyyət nəfəs ala bilsin”. 
 
2020-ci ilin 15 iyulunda Tovuz hadisələrinə görə, Bakıda təqribən 30 min nəfərin iştirakı ilə "Qarabağ yürüşü" keçirilib.
 
Yürüş zamanı bir qrup şəxs parlamentin binasına daxil olub və qarışıqlıq yaratmağa cəhd edib. 
 
Hadisə ilə əlaqədar cinayət işi açılıb və bir qrup şəxs cinayət məsuliyyətinə cəlb edilib. 
 
Hüquq müdafiəçiləri və müxalifət bu həbslərin siyasi olduğunu deyir, təxrib
at törətməyə çalışan şəxslərin əməllərini isə hakimiyyətin planı adlandırırlar.  Həbs olunan şəxslər isə "Qarabağ məhbusları" kimi də qələmə verilirdi.

Facebook