EURO : 1,915 TRY : 0,2483 USD : 1,7 RUB : 0,024
Tofiq Yaqublu avtomobilindəki videokameranın görüntülərini tələb edir

Tofiq Yaqublu avtomobilindəki videokameranın görüntülərini tələb edir

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu həbs olunduğu gün avtomobilindəki video-qeydiyyat qurğusunun qeydə aldığı görüntülərin ortaya qoyulmasını istəyir. O, iyunun 19-da məhkəmədə bu tələblə çıxış edib.

T.Yaqublu haqqında istintaq dövrü üçün seçilən 3 aylıq həbs-qətimkan tədbirinin müddəti iyunun 22-də başa çatır. Onun işini aparan müstəntiq Ramil Əliyev və Nizami rayon prokuroru Pərviz İbayev bu müddətin daha iki ay uzadılması üçün məhkəməyə təqdimat veriblər. Təqdimata Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baxılıb.

T.Yaqublu təqsirsiz olduğunu, sifarişlə həbs edildiyini vurğulayıb. O bildirib ki, əgər gerçəkdən ədalətli araşdırma aparmaq istəyirlərsə, o zaman maşınındakı kameranın qeydə aldığı görüntülər ortaya qoyulsun. Müxalifətçinin sözlərinə görə, həmin görüntülər əslində heç bir qəzanın baş vermədiyini, dayandığı yerdə Elxan Cəbrayılovun onun maşınını vurub əzdiyini, daha sonra özünə hücum etdiyini təsdiqləyəcək. T.Yaqublu vurğulayıb ki, elə bunların üzə çıxmaması üçün heç bir aidiyyəti olmadığı halda, avtomobilini, telefonunu götürüb, qaytarmayıblar.

Müstəntiq və prokuror təqdimatı belə əsaslandırıblar ki, istintaq davam edir, hələ araşdırmalar başa çatmayıb, bu müddətdə ittiham olunan şəxsin azadlıqda qalması məqsədəuyğun deyil. Çünki zərərçəkmiş tərəfə təzyiq göstərmək, sübutları saxtalaşdırmaq və s. ehtimalı var. Hakim prokurorluğun mövqeyini haqlı sayaraq, T.Yaqublu haqqında həbs-qətimkan tədbirinin daha iki ay – avqustun 22-nə qədər uzadılmasına qərar verib.

T.Yaqublunun vəkili Aqil Layıc “Press Klub”a açıqlamasında qərarın qanunsuz və əsassız olduğunu söylədi:

“Bu işdə həbs-qətimkan tədbiri seçilməsi üçün nə maddi, nə də prosessual əsas var. Belə olan halda, məhkəmə də həbsin müddətini uzatmaqla əsassız qərar verdi. Üç gün ərzində qərardan şikayət vermək hüququmuz var və bunu edəcəyik”.

T.Yaqublunun digər vəkili Elçin Sadıqov da eyni fikirdədir. Onun sözlərinə görə, T.Yaqublu həbsdə olduğu üç ay ərzində də iş üçün əhəmiyyətli olan istintaq hərəkəti aparılmayıb.

T.Yaqublunun qızı Nigar Həzi “Press Klub”a bildirdi ki, məhkəmədən ədalətli qərar, atasının buraxılmasını gözləmirdi: “Tofiq Yaqublu siyasi fəaliyyətinə, tənqidi fikirlərinə görə sifarişlə həbs olunub. Onun azadlığa buraxılması üçün də siyasi qərar olmalıdır. Azərbaycan reallığında Tofiq Yaqublunun işi üzrə qərar vermək hakimin özünün səlahiyyətində olan məsələ deyil”.

Xatırladaq ki, T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yanında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Facebook