EURO : 1,9837 TRY : 0,2233 USD : 1,7 RUB : 0,0221
Ticarət mərkəzləri açıq olsaydı, məktəb bazarlığı bu qədər baha olmazdı - İqtisadçı

Ticarət mərkəzləri açıq olsaydı, məktəb bazarlığı bu qədər baha olmazdı - İqtisadçı

İqtisadçı: “Gömrük Komitəsi onlayn dərslərə görə onlayn sifarişlərin rüsumunu artırıb”

“Məktəb ləvazimatları çox bahalaşıb. Keçən il qızımın geyimi, çantası və dəftər-qələminə 350 manatımız çıxmışdı. Bu il ikinci qızım da 1-ci sinfə gedir. 1000 manatla getdim, bir qəpik qayıtmadı, üstəlik, almadığımız nə qədər şey qaldı. Onlar da bir 100-150 manat tutacaq”.

Bakı sakini, 33 yaşlı Zümrüd Ələkbərova belə deyir. Bildirir ki, bəlkə də “Sədərək”, “Binə” kimi ticarət mərkəzləri açıq olsaydı, məktəb ləvazimatları bu qədər baha olmayacaqdı:

“Keçən il Binədən almışdıq. Orda hər şey ucuzdur. Bu il bu ticarət mərkəzləri bağlıdır. Bu, hamının büdcəsinə zərərdir, həm biz valideynlərin, həm də o ticarət mərkəzlərində işləyənlərin”.

Zümrüd Ələkərova deyir ki, düzdür, qızları həftənin müəyyən günləri məktəbə gedəcəklər, ancaq bu, məktəb ləvazimatlarının yarısını alıb, yarısını almamağa imkan vermir. Nə lazımdırsa, hamısı alınmalıdır. O, builki bazarlığın hamısını şəhərdəki mağazalardan edib. Deyir, həmin mağazaların əksəriyyəti vəziyyətin çıxılmaz, insanların çarəsiz olmasından istifadə edir:

“Qiymətlər onsuz da bahadır. Bir qəpik endirim etmək istəmirlər. Məktəbi açan hökumət istəsəydi ticarət mərkəzlərini aça bilərdi. Sadəcə nəzarət edərdi, insanları sayla buraxardılar. Onsuz da oralar çox genişdir. Məsələn, 50 nəfəri buraxardılar, 2 saat da vaxt verərdilər. İndiyə hamı bazarlığını edərdi. İndiki durum çox çətindir. Məsələn, biz ailədə 4 nəfərik, aylıq gəlirimiz 1100 manatdır. Bununla belə çatdıra bilmədik, həm aylıq dolanışıq, həm də məktəb bazarlığını edə bilmək üçün borca girməli olduq. Bunun ailə büdcəsi aylıq 300-400 manat olan ailələri var. Onlar necə etsinlər?”

Binə Ticarət Mərkəzində çalışan Rüfət Bayramov deyir ki, həmişə avqust-sentyabr ayları bazarın ən qızğın vaxtları olub. Həmin aylar yaxşı gəlir əldə ediblər. Bu il ticarət mərkəzi bağlıdır. Aylarla işləyə bilməməkləri bir yana, bu aralar mağazaların bağlı olması onlara altından çıxa bilmədikləri qədər zərər vurub:

“Qızını köçürən, oğluna toy edən, nə bilim pul tələb edən işləri sentyabrdan sonraya salardıq. Çünki gəlirimiz normalda olandan 3-4 qat çox olardı. Çox ümid edirdik ki, məktəbləri açan hökumət bazarları da açacaq. Ancaq belə olmadı. Bu ayın sonunacan, yəni ən çox gəlir əldə etdiyimiz dövrün sonuna qədər bazar bağlı qalacaq. İnsanlara çox böyük zərbə vurdular. Elə valideynlər də deyinirlər ki, məktəb bazarlığı baha başa gəlib. Biz də ilin ən uğurlu, ən qızğın aylarından məhrum edildik”.

Rüfət Bayramov deyir ki, hətta məktəb ləvazimatlarının satışı ilə məşğul olmayan mağaza sahibləri üçün də avqust-sentyabr qızğın alver dövrüdür. Məsələn, qardaşı qab-qacaq satışı ilə məşğuldur. Onun da alverinin ən yaxşı dövrü məktəb bazarlığı ərəfəsidir:

“Çünki insanlar bazara məktəb bazarlığı üçün gəlsələr də, lazım olan şeylər gözlərinə dəyir, alırlar. İndi heç birimiz bir qəpiyin yiyəsi deyilik. Bir sözlə, ticarətçilərin “qızıl ayları”nı əllərindən aldılar, onları batırdılar”.

İqtisadçı Natiq Cəfərli də deyir ki, məktəb ləvazimatlarında qiymətlər kəskin artıb. Ötən illə müqayisədə kitablarda, geyimlərdə 20-30 faiz arası qiymət artımı müşahidə edilir:

“Dərs mövsümü başlayır, valideynlər hazırlıq təlaşına giriblər, qiymətlər də kəskin artıb. İnsanların zatən canı burnundadır – pandemiya və karantin rejimi işsizlik ordusunu artırıb, işləyənlərin də gəlirləri kəskin azalıb, alıcılıq qabiliyyəti düşüb, bu fonda qiymət artımı ailələrin büdcəsinə pis təsir edir”.

İqtisadçı deyir ki, bir yandan da onlayn təhsil qaydaları təsdiq edilib. Məktəblilər evdən dərslərə qoşulmalıdırlar. Bu zaman da gündəmə yaxşı, kompüter, planşet məsələsi gəlir:

“Azərbaycanda bəyəm hər ailədə kompüter, planşet var? Onlayn dərslər necə təşkil olunacaq? İndi mənə tam aydındır ki, niyə Gömrük Komitəsi onlayn sifarişləri 1000 dollardan 300 dollara saldı. Qərarın məqsədi kompüter və planşetlərə məcburi artacaq tələbi daxili şəbəkələrə yönəltmək, iri məmurlara bağlı satış məntəqələrinin alverini artırmaqdır. Yaxşı, hökumət olaraq uşaqlara pulsuz kompüter, planşet vermirsiniz (bir çox ölkədə bunun örnəkləri var), bunu bildik, uşaqpulunu da bərpa etmək istəmirsiniz, bu da aydındır – heç olmasa kompüter və planşetlərə qoyduğunuz soyğunçu 15 faiz rüsumu, 18 faiz ƏDV-ni ləğv edin, qoyun camaat, ən azı, 35 faiz daha ucuz kompüter və planşet ala bilsin. Niyə gözünüzü ora tikmisiniz?”

Natiq Cəfərli bildirir ki, hökumətin qabiliyyəti çatıb bu illər ərzində daxili istehsal qura bilməyib. Heç olmasa, Gömrük Komitəsinin açıq lobbiçiliyini etdiyi şəxsi sifarişlərin azadılması qərarını ləğv etdilər:

“Qaytarın 1000 dollar onlayn sifariş qaydasını. Kompüter, planşetlərin sifarişinə qoyduğunuz qeyri-qanuni və qeyri-leqal qadağanı da ləğv edin. İmkan verin camaat özü xaricdən öz uşaqlarına onlayn təhsil üçün avadanlıq ala bilsin! Elə bilirsiniz ki, təhsilsiz toplumu idarə etmək asandır? Təhsil səviyyəsi aşağı olan, kritik səviyyənin altına düşən toplum sonra heç nəyi və heç kimi dinləmədən qarşısına çıxanı süpürəcək”.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyon 361 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 914 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 37 min 874 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 556 nəfərin vəfat etdiyi açıqlanıb.

Koronavirusla bağlı Azərbaycanda ötən tədris ilində dərslər martın 3-də dayanmışdı. Bu il isə yalnız I-IV sinif şagirdləri məktəblərə öz vaxtında, sentyabrın 15-də gedə biləcəklər. Onda da həftədə iki-üç dəfə olmaq şərti ilə. Rəsmi açıqlamaya görə, V-VIII siniflərin adi qaydada dərsləri oktyabrın 1-dən, IX-X siniflərinki isə oktyabrın 15-dən başlamalıdır.

Prosesin sonrakı gedişi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

Facebook