"Terrorçuların Suriyada işləri qutaran kimi bizə tərəf gələcəklər. Biz özümüz də təhlükə altındayıq”

“PBS” saytına istinadən verilən  xəbərə görə, Qətərin eks baş naziri ABŞ-la birgə Suriyada səhvə yol verdiklərini etiraf edib.

ABŞ və Fars körfəzi ölkələrinin Suriyada yanlışlığa yol verdiklərini deyən Həmd bin Casim bin Cabir Ali-Sani bildirib: “Suriyada biz hamımız, hətta Amerika belə yanlışlığa yol verdi. Zaman keçdikcə anladıq ki, Suriyada dəstək verdiyimiz qrupların ağlında fərqli planlar mövcuddur. Onlarin Suriyada olmasını istəmədik və bir-bir aradan aparmaq qərarına gəldik. ABŞ-ın özü də yanlış qruplara dəstək verdi və bir müddətdən sonra onlar da öz dəstəklərini dayandırdılar. Terrorçuların Suriyada işləri qutaran kimi bizə tərəf gələcəklər. Bu tam təbii haldır. Biz özümüz də təhlükə altındayıq.”

İranla əlaqələrindən söz açan Həmd bin Casim  “Ərəb ölkələrinin bizimlə əlaqələrini kəsməsindən şok olduq. Ölkəmizin əmiri Riyadda təşkil olunan konfransa getmişdi və fikrimcə ABŞ prezidentiylə də müsbət görüş keçirmişdilər. Bu ölkələr bizi İranla xüsusi əlaqələrdə ittiham edirlər. İranla ticari əlaqələr baxımından Qətərin digər Fars körfəzlərinə olan nisbəti 1000 dəfə daha azdır. Hətta Suriya məsələsində də iki ölkə arasında fikir ayrılıqları mövcuddur. Bəli, bütün bunlara baxmayaraq biz yenə də İranla müsbət əlaqələr qurmağa çalışırıq. Çünki bu ölkə bizim qonşumuzdur.”, -deyə əlavə edib.