Təbrizli rejissorlar Kann mükafatına layiq görüldü

Ərk qardaşları Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüblər

Təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən Ərk qardaşları Kann Film Festivalının fondu olan Cinéfondation Seçiminin mükafatına layiq görülüblər.

Müxtəlif ölkələrdən kino məktəblərinin gənc rejissorları qısa və orta metrajlı filmləri ilə Cinéfondation Seçimində yarışmağa haqq qazanıblar.

Jüri heyəti 20-ci Cinéfondation Seçiminin qaliblərini mayın 26-da açıqlayıb.

Fondun veb səhifəsində yerləşdirilən məlumata görə, Belçikadan Valentina Murel “Pol buradadır” adlı filmi ilə birinci, Ərk qardaşları “Heyvan” filmi ilə ikinci, Fransız Tomaso Usbertini “İki gənc öldü” filmi ilə isə üçüncü yeri alıb.

Yayılan məlumata görə, təbrizli əkizlərə 11.250 avro dəyərində mükafat veriləcək, Heyvan filmi isə Parisin Cinéma du Panthéon kinoteatrında yenidən nümayiş etdiriləcək.

Heyvan filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı Soyuq filmini çəkiblər. (amerikaninsesi.org)