Tarixi məsciddə taekvondo dərsləri keçirilir

Türkiyənin Ədirnə şəhərindəki tarixi əhəmiyyətli Muradiyə məscidində taekvondo idman növü üzrə dərslər keçirilməyə başlayıb. Belə bir qərar isə məscidin imamı Erkan Öztoprakın ideyasından sonra icra olunur.

Anadolu Agentliyinə istinadən bildirilir ki, Türkiyədə kriminal bölgə kimi tanınması, yetkinlik yaşına çatmayanların silsilə cinayətləri ilə ad çıxarmış Ədirnədə məscid imamının belə bir ideya irəli sürməsinin bircə səbəbi var; Erkan Öztoprak ədirnəli oğlan və qız uşaqlarının məsciddə asudə vaxtını faydalı keçirməsinə yardım etmək və bu yolla onları cinayət əməllərindən uzaqlaşdırmaq niyyətindədir.

Hətta taekvondo dərslərinin daha yaxşı təşkili üçün Türkiyənin alt yaş qruplarının keçmiş məşqçilərindən olan Alper Örs müəllim kimi dəvət edilib. İlk olaraq üç uşaqla məşqlərə başlayan məşqçi bir il sonra tələbələrinin sayını 30-a çatdırıb. Azyaşlı və yeniyetmələrin həftədə beş gün qeyri-namaz vaxtlarında ibadətgaha gəldikləri bildirilir.

“İstəyirik ki, şəhərimizdə azyaşlı cinayətkarların sayı azalsın, uşaqlar cinayət əməllərinə qurşanmasınlar” – deyə Muradiyə məscidinin imamı vurğulayıb.

Qeyd edək ki, Ədirnədəki Muradiyə məscidi 16-cı əsrə məxsus tarixi abidə kimi qeydiyyata alınıb və dövlət tərəfindən qorunur.