Tanınmış vəkillər VK-nın yeni sədri haqqında nə düşünür?

Bildiyiniz kimi, dünən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti konfransı keçirilib. Daha sonra keçirilən səsvermə nəticəsində VK Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.
Qaynarinfo bir neçə hüquqşünasdan Anar Bağırovun sədr seçilməsi və Vəkillər Kollegiyasının gələcək fəaliyyətində hansı gözləntilərin olduğu ilə bağlı münasibət öyrənib.
Vəkil Cavad Cavadlı onun sədr seçilməsini müsbət qiymətləndirdiyini bildirib: 
"Anar Bağırovun sədr seçilməsini dəstəkləyirəm. Ən azından cavandı və onun savadına, potensialına bələdəm. Ümid edirəm ki, Vəkillər Kollegiyasının nüfuzunun artırılması ilə bağlı ciddi addımlar atacaq. Təbii ki, vəkillərin konfransı keçirilsəydi daha yaxşı olardı. Lakin əvvəlki illərdən fərqli olaraq belə bir imkan yoxdur. Ona görə də seçim artıq neçənci dəfədir ki, bu qayda ilə aparılır. Düşünürəm ki, o, Vəkillər Kollegiyasına qanunvericilik təşəbbüsü qaydasında qəbul məsələsinin sadələşdirilməsi ilə bağlı da öz səylərini göstərəcək. Məndə olan məlumatlara görə, bu barədə də artıq müəyyən tədbirlər var. Həmçinin ümid edirəm ki, hər hansısa bir hüquq mühafizə orqanlarının vəkillərə qarşı təzyiqlərinə reaksiya verilməsi məsələsi də dəyişəcək. Dünənə qədər biz bu münasibəti fərqli görürdük. Əvvəlki rəhbər Azər Tağıyev barəsində hüquq mühafizə orqanları və vəkillər arasında hansısa xoşagəlməz fikirlər yayılıb. Amma mən həmişə qeyd etmişəm ki, Vəkillər Kollegiyası korrupsiya faktları olmayan yeganə qurumdur. Ümid edirik ki, bu, belə də davam edəcək".
Vəkil Fariz Namazlı isə hansısa müsbət dəyişikliklərin olacağına inanmadığını bildirdi.
"İnanmıram ki, Vəkillər Kollegiyasından hansısa yeni gözləntilər olsun. Bir yerdə ki, Yalçın İmanov kimi vəkilin adının üstündən xətt çəkilir, oradan demokratik addımlar gözləmək əbəsdir. Seçimin obyektiv aparıldığına da inanmıram. Yeni sədr təyinetmə üsulu ilə seçilib".
Vəkil Nemət Kərimli isə bu məsələlərə qarışmaq istəmədiyini sözləyib: 
"Bildiyiniz kimi, mənim barəmdə təqdimat var, ona görə də bu məsələlərə qarışmaq istəməzdim. Hər halda onun münasibəti Yalçın İmanov vəkillikdən kənarlaşdırılanda özünü göstərdi".