Tanınmış müxalifətçinin avtomobilinə hücum - Foto

Tofiq Yaqublunun avtomobilinin şüşəsini kim və niyə sındırıb?

Keçmiş siyasi məhbus, Milli Şura Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şəxsi avtomobilinin arxa şüşəsi sındırılıb. Lakin avtomobildən heç nə götürülməyib. T.Yaqublu özü bu barədə feysbukda belə qeyd paylaşıb: “Dünən elə, bu gecə də maşınımın arxa şüşəsini sındırıblar. Amma içəridən heç nə götürməyiblər. Nə baş verir?”.

Xatırladaq ki, dünən T.Yaqublu mənsub olduğu Müsavat partiyasında başqan müavinliyindən azad edilib və o, “dünən elə” yazarkən bunu nəzərdə tutur.

T.Yaqublunun avtomobili ilə bağlı baş verən isə təbii ki, şübhəlidir. Bunun təsadüfmü, yoxsa qəsdmi olduğunu qəti demək mümkün deyil. Bunu yalnız müvafiq araşdırma üzə çıxara bilər. Amma bununla T.Yaqubluya tutduğu sərt siyasi mövqeyə görə xəbərdarlıq da edilmiş ola bilər. Feysbuk qeydindəki sual T.Yaqublunun özünün də nədənsə şübhələndiyini göstərir.

azadliq.info