Taliban 235 girovu azad edib

"Taliban" Əfqanıstanın şimalındakı ucqar kənddən 235 girovu azad edib. Daha öncə həmin kənddə "Taliban"ın "İslam Dövləti" (İŞİD) yaraqlıları ilə birlikdə 50-dək şiəni qətlə yetirdiyi bildirilirdi.
 
"Bu axşam Mirzə Olanq kəndindən qadınlar və uşaqlar daxil olmaqla, 235 nəfər azad edilib. Bu, yerli ağsaqqalların və vilayət rəsmilərinin vasitəçiliyi ilə mümkün olub", – yerli valinin sözçüsü Zabihullah Amani avqustun 8-də "France-Presse" agentliyinə deyib.
 
O, kənddə naməlum sayda adamın girov saxlandığını da sözlərinə əlavə edib.
 
Əfqanıstan təhlükəsizlik orqanlarındakı mənbənin "France-Presse"ə bildirməsinə görə, Mirzə Olanqda 100-dək adam hələ də girov saxlanır.
 
"Taliban" və İŞİD yaraqlıları avqustun 5-də birgə əməliyyatda həmin kənddə 50 nəfəri qətlə yetiriblər.