Taleh Bağırovun ailəsi narahatdır: "Onu təxribata çəkirlər"

"Müsəlman Birliyi” hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun yaxınları ona qarşı təxribat ola biləcəyindən narahatdırlar.
 
Bu barədə AzadlıqRadiosu-na onun ailə üzvləri danışıblar.
 
Onlar bildiriblər ki, Taleh Bağırov özü ailəsilə telefon əlaqəsi saxlayıb və saxlandığı Qobustan həbsxanasında ona qarşı təxribat cəhdləri olduğunu söyləyib: "Həbsxana əməkdaşları onun yanında bloger Mehman Hüseynovu söyür, onu qıcıqlandırırlar. Yaxud gecə saatlarında gəlib heç bir əsas olmadan yuxudan oyadırlar. Vəkilini saatlarla gözlədirlər. Ən əsası, hazırda Talehin üzərində xəsarət var. Telefon danışığında səs tez-tez kəsildiyindən tam anlaya bilmədik ki, onu döyüblər, yoxsa özü-özünə xəsarət yetirib. Dediyinə görə, həbsxananın həkimi də xəsarətin olması barədə rəy verib”.
 
Ailə üzvləri ilahiyyatçının güclü iradəsi olduğunu bildirir və onun özünə xəsarət yetirməsinə inanmır. Amma onlar ehtiyatlanırlar ki, xəsarət barədə həkim rəyi ilə gələcəkdə törədilə biləcək başqa bir təxribata zəmin yaradırlar: "İstisna etmirik ki, Talehlə bağlı xoşagəlməz plan ola bilər. Gələcəkdə bunu əllərində əsas götürə bilərlər ki, baxın, bundan əvvəl də özünə xəsarət yetirmişdi”.
 
Penitensiar Xidmətdən isə ailənin narahatlığına heç bir əsas olmadığı bildirilib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na deyib ki, Taleh Bağırovun həbsxanada təzyiqə məruz qalması barədə deyilənlər həqiqətə uyğun deyil:
 
"Məlumatı həbsxana ilə dəqiqləşdirdim, heç bir təzyiq, təqib yoxdur. Ona heç bir xəsarət də yetirilməyib. Bu günlər ərzində ona heç töhmət də verilməyib. Başını aşağı salıb cəzasını çəksin, onunla heç kimin işi yoxdur”.
 
Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.
 
Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə, Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
 
Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Taleh Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. Taleh Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.
 
Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.
 
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
 
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə iddialarını təkzib ediblər.