Tale Bağırzadəyə məhbəsdən ad günü təbriki

İyunun 23-də Müsəlman Birliyi Hərəkatının sədri, Nardaran əməliyyatında həbs edilərək ağır işgəncələrə məruz qoyulan və 20 il müddətinə azadlıqdan məhrum edilən Tale Bağırzadənin doğum günüdür. Bu münasibətlə onu ən yaxın mübarizə dostlarından biri və onunla eyni məhkəmədə elə onun qədər – 20 il azadlıqdan məhrumetmə cəzası almış Abbas Hüseyn təbrik edib. Yaxınlarının rakurs.tv-yə  çatdırdığı təbrik məktubunu dərc edirik:

Tarixin qızıl səhifələrində qalacaqsız

Tarixə nəzər saldıqda görərik ki, müxtəlif zamanlarda, müxtəlif mühitlərdə dinindən, irqindən aslı olmayaraq insanlar yuxarı təbəqələrdən haqsızlıq, zülm gördükdə hərəkatlar yaradıb öz etirazlarını ifadə etməyi bacarmışlar. Son zamanlar əziz Azərbaycanımızda baş verən hadisələr də bu tip zülmə dirəniş hərəkatlarının yaranmasını labüd etmişdir. Belə bir hərəkat – Müsəlman Birliyi Hərəkatını yaratmağa müvəffəq olan şəxsiyyətlərdən biri də hər kəsin sevib tanıdığı, qısa müddət ərzində xalqının sevgisini qazanan, başçılıq etdiyi hərəkatla yuxarı təbəqənin canına vəlvələ salan Tale Bağırzadədir. Bu gün bu insanın doğum günüdür.

O artıq 7-ci doğum gününü zindanda qeyd edir. Allaha həmd olsun ki, mən də onunla eyni vaxtda zindan həyatını paylaşıram. İstər cismani azadlıqda, istərsə də zindanda olsun, o, hər zaman cəsarəti, mərdliyi və mövqeyi ilə seçilib. Milli məfkurədə azərbaycançılıq prinspini irəli sürən, bu prinsiplə Azərbaycan xalqını birliyə, vəhdətə dəvət edən ideya insanıdır. Tale Bağırzadə çıxışlarında qeyd edirdi ki, növbəti dəfə həbs olunsa, vəhdətə dəvət prinspini təbliğ etdiyi üçün həbs olunacaq və vəhdət məhbusu adlanacaq. Elə də oldu. Tale Bağırzadənin bu təbliğini həzm edə bilməyənlər onu ağır maddələrlə 3-cü dəfə həbs edib işgəncələrə məruz qoyaraq, 20 il müddətinə azadlıqdan məhrum etdilər. Apardığı bu mübarək mübarizə səbəbdir ki, o son 7 ildə doğum gününü ailəsi və əzizləriylə qeyd edə bilmir. Lakin bu gün Tale Bağırzadə can verməkdə olan azadlığımızın, ədalətin yenidən dünyaya gəlib həyat tapması üçün çalışır. Bu səbəbdən hamılıqla biz də bu dirənişdə, mübarizədə onun yanında yer almalıyıq. Azərbaycan xalqı bu insanın qədrini bilməlidir. Rejimin apardığı təbliğatlar xalqımızı aldatmamalıdır. Tale Bağırzadənin apardığı mübarizənin qayəsini anlamaq üçün onun internetdə olan xütbələrinə ən azı bir dəfə qulaq asmaq kifayət edər.

Sonda isə əziz liderimi mövludu münasibətiylə təbrik edib, ona addımladığı bu çətin, lakin şərəfli yolda səbir, dözüm arzu edirəm. Sizi ən əsas Allahın mübarək rəhmətinə daxil olduğunuz üçün təbrik edirəm. Əminəm ki, sizə zindanı rəva görənlər tarixin qara, siz isə qızıl səhifələrində qalacaqsız.

Tale Bağırzadə ilə qürur duyuruq. O, Azərbaycan xalqının fəxri və əzizidir!