Tale Bağırzadəyə işgəncələr verilib

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə işgəncələrə məruz qalıb.

Bu barədə Rakurs TV-ə onun yaxınları məlumat verib. Məlumata görə, Qobustan həbsxanasında ilahiyyatçıya işgəncələr verilib. Yaxınları Tale Bağırzadənin vəziyyətinin hazırda ağır olduğunu bildirir. İlahiyyatçının vəkili Yalçın İmanov bildirib ki, müvəkkili ilə görüş üçün orderin surətini və müvafiq məktubu xeyli vaxtdır ki, Penitensiar Xidmətə göndərsə də, hələ ki, cavab gəlməyib. Bu səbəbdən vəkil Tale Bağırzadə ilə görüşə bilmir.

Tale Bağırzadə “Nardaran işi” üzrə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 29-da Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına köçürülən Tale Bağırzadə “kars”a salınıb. Ondan başqa Qobustan həbsxanasında köçürülən digər Nardaran məhbusları – Abbas Hüseyn və Cabbar Cabbarov da “kars” cəzası verilib.

Şənbə günü olduğundan Penitensiar Xidmətdən məsələ ilə əlaqədar cavab almaq mümkün olmayıb.

Hər üç şəxsin yaxınları həbsxanaya gedib onlar haqqında məlumat almağa cəhd edəcəklər.

Ümumilikdə "Nardaran işi"nə görə 70-dən çox insan həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Aralarında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da olduğu 18 nəfərin məhkəməsi yekunlaşıb. 

Tale Bağırzadə ittihamları rədd edir. Özü də daxil, əməliyyat zamanı həbs olunanların heç birində silah olmadığını, öldürülənlərin hamısının polislərin özləri tərəfindən qətlə yetirildiyini bildirir.