Tale Bağırzadə və digərlərinin məhkəmə prosesi keçirildi - Video

"Nardaran işi" ilə bağlı həbs olunanların işi birinci instansiyaya qaytarıldı

İyunun 8-də Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin appelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Əmir Bayramov sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, prosesdə təqsirləndirilən şəxsləri vəkil Yalçın İmanov, Elçin Sadıqov, Fariz Namazlı və Nemət Kərimli müdafiə edib. Yalçın İmanov hakimə bildirib ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinə protokollarla tanış olmağa və məhkəmə protokollarına qeydlər aparmağa şərait yaratmayıb. Buna görə, hakimdən işin birinci instansiya məhkəməsinə geri qaytarılmasını istəyib. Hakim vəsatəti təmin edərək, işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması ilə bağlı qərar verib.

Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Protokollara qeydlər verilənədək proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam edəcək. Daha sonra işə yenidən Bakı Appelyasiya Məhkəməsində baxılacaq.

2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyatdan sonra saxlanılan Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 nəfər öldürülüb. Təqsirləndirilənlər ittihamların saxta olduğunu bildirirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə və Abbas Hüseyn 20 il, digərləri isə 10 ildən 19 ilədək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Tale Bağırzadə və Abbas Hüseyn həbs müddətlərinin 7 ilini Qobustan qapalı rejimli həbsxanasında çəkəcəklər.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Tale Bağırzadə və digərlərini siyasi məhbus olaraq tanıyıb.