Tale Bağırzadə və Abbas Hüseynov Şennakın sözlərini yalanladı

Tale Bağırzadə və Abbas Hüseynov Stefan Şennakla görüşmədiklərini bildiriblər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak sentyabrın 16-da bir neçə siyasi məhbusla həbsxanada görüşüb. O, mətbuata verdiyi açıqlamada Qobustan həbsxanasında cəza çəkən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, Abbas Hüseyn və daha 3 məhbusla görüşdüyünü bildirmişdi.

Amma adları çəkilən şəxslər vəkil Yalçın İmanovla görüşdə onlarla heç kimin görüşmədiyini deyiblər.  Bu barədə İmanov Rakurs TV-ə məlumat verib. Onun sözlərinə görə, sentyabrın 22-də Qobsutan həbsxanasında həm Tale Bağırzadə, həm də Abbas Hüseynovla görüşüb. Görüşdə onlar Şennakın sözlərini yalanlayıblar, heç kimlə görüşmədiklərini bildiriblər. 

Qobustan həbsxanasına köçürülən gündən orada dəhşətli işgəncələrəməruz qaldığını, rəis də daxil, oranın işçiləri tərəfindən dəfələrlə əlləri qandallı vəziyyətdə döyüldüyünü, 40 dərəcədən artıq istidə günün altında dəmir dirəyə bağlandığını deyən Abbas Hüseynova 8 gün ərzində iki dəfə töhmət verilib – sentyabrın 13-də və 21-də. Məlumata görə, birinci töhmətin səbəbi onun da saxlandığı kamerada həbsxana əməkdaşları tərəfindən axtarış aparılarkən qaydalara əməl olunmamasına, məhkumların əşyalarını alt-üst edib bir-birinə qatmasına Abbasın etirazı olub.

Abbas Hüseynov sentyabrın 22-də vəkili ilə görüşə gətirilərkən onu tam soyundurub, üzərində axtarış aparıblar.

Yeri gəlmişkən, vəkil Yalçın İmanov özü də həbsxanaya giriş-çıxış zamanı ciddi axtarışa məruz qalıb.