Tale Bağırzadə tərəfdarlarına müraciət etdi

“Mən 3-cü kamerada saxlanılırdım, Abbas 5-ci kamerada. Abbasın işgəncələrdən iniltisini eşidirdim. İndi bilindi, kimdir zorakılıq edən?!” 

Bu sözləri Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə vəkili Yalçın İmanova deyib. Avqustun 8-də vəkil Yalçın İmanov Qobustan həbsxanasında Tale Bağırzadəylə görüşüb. İlahiyyatçı tərəfdarlarını zorakılığın qarşısında sivil, dinc və mütəşəkkil qaydada mübarizə aparmağa çağırıb: “Həzrəti Əli deyirdi ki, min dəfə zorakılığa məruz qalmaq, bir dəfə zorakılıq etməkdən yaxşıdır”.

O, Qobustan həbsxanasında məhbusları çarmıxa çəkməyin geniş yayılmış cəza üsulu olduğunu deyib: “Başqa məhbusları da belə üsulla cəzalandırırlar, adətən 3 gün olur. Bizimlə heç “Bandotdel”də belə davranmamışdılar. “Bandotdel”də döyürdülər, işgəncə verirdilər, sonra maz sürtüb, sağaldırdılar. İlham Əliyev bir gün mənim burda gördüklərimi görsə, dəhşətə gələr”. 

İlahiyyatçı bildirib ki, 30 iyulda 7 sutka "kars" cəzası alıb, avqustun 6-da "kars"dan çıxıb. Onun sözlərinə görə, cəzalandırılmasına əsas kimi guya karantində səs-küy salması göstərilib: “Halbuki, belə bir şey olmayıb. Karantin otağında havasızlıq və istidən səhhətim pisləşdi, İlkin Axundov adlı nəzarətçidən həkim çağırmasını xahiş etdim, o isə əvəzində məni təhqir elədi”.

Tale Bağırzadə Abbas Hüseynə edilən işgəncələrə, İlkin Axundov adlı həbsxana əməkdaşı tərəfindən təhqir olunmasına və ardınca qanunsuz "kars"a salınmasına etiraz olaraq, 6 gün aclıq aksiyası keçirdiyini deyib. 

Vəkil ilahiyyatçının hazırda karantində olduğunu bildirib.

Tale Bağırzadə “Nardaran işi” üzrə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 29-da Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına köçürülüb. Onunla yanaşı digər Nardaran məhbusları – Abbas Hüseynov və Cabbar Cabbarov da Qobustan həbsxanasına göndərilib. Hər üç şəxs həbsxanaya köçürüləndən sonra cərimə kamerasına salınıb. Abbas Hüseynovun həbsxanada dəhşətli işgəncələrə məruz qaldığı bildirilir

Ümumilikdə "Nardaran işi"nə görə 70-dən çox insan həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Aralarında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da olduğu 18 nəfərin məhkəməsi yekunlaşıb. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

Rakurs TV