Tale Bağırzadə müsəlmanları təbrik etdi

Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Tale Bağırzadə müsəlmanları Həzrəti Mehdinin doğum günü münasibəti ilə təbrik edib. Rakurs TV-ə daxil olan təbrik mesajını olduğu kimi təqdim edirik:

"Əziz müsəlman bacı və qardaşlarım! Sizləri dövrümüzün imamı Həzrəti Mehdinin (ə.f) dünyaya gəlişi münasibəti ilə təbrik edirəm. Allah qeybdə olan İmamımızın zühurunu təcil etməklə dünyanın bütün məzlum və müstəzaf insanlarının intizarına son qoysun!

Əhli-beyt imamlarının 12-cisi olan Həzrəti Mehdinin (ə.f) zühuru bütün dini mətnlərdə, peyğəmbər və ilahi öndərlərin buyuruşlarında müjdələnmişdir. Bildirilmişdir ki, heç kəsin gözləmədiyi bir məqamda O zühur edəcək və qiyam bayrağını qaldıracaqdır. Onun gəlişi ilə ilahi öndərlərin min illərdir uğrunda mübarizə apardığı həqiqi ədalət yer üzündə bərqərar olacaqdır. Bunu bilməliyik ki, o Həzrət hazırda yaşayır, bizlərin arasındadır və bizləri görür. Zühur etmək üçün lazımi məqamı gözləyir. Bu baxımdan əslində biz onun yox, o bizim intizarımızdadır. Biz hazır olanda, edəcəyi qiyamın həqiqi hədəflərini dərk edəndə O, zühur edəcək. Odur ki, bizim hazırda əsas vəzifəmiz Həzrəti Mehdinin (ə.f) zühuru üçün lazimi zəmini hazırlamaqdır. Bu isə heç şübhəsiz yaşadığımız cəmiyyətdə ədalətin hakim olması üçün çalışmaqdan keçir, çünki Həzrəti Mehdi (ə.f) ədalət imamıdır. 

Allahdan İmam Zamanın (ə.f) zühurunu təcil etməsini istəyir, xalqımızı daim haqqın, ədalətin yanında olması diləyi ilə təbrik edirəm!

Tale Bağırzadə
Qobustan həbsxanası"