Tale Bağırzadə məhkəməyə gətirilmədi, çünki...

Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə ilahiyyatçı Tale Bağırzadənin Qaradağ rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə prosesi baş tutmayıb. Belə ki, T. Bağırzadənin vəkili Fariz Namazlı məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilə biləcəyi barədə məhkəməyə məlumat versə də, məhkəmədən təqsirləndirilən şəxsin məhkəməyə gətirilmədiyi məlum olub və prosesin növbəti vaxtı barədə məlumat veriləcəyi bildirilb.
Qeyd edək ki, T.Bağırzadə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib. Yeni hökmə əsasən, T.Bağırzadənin 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib. Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.