Tale Bağırzadə Gözəl Bayramlının həbsinə münasibət bildirdi

“Hakimiyyət əsirlikdəki qadınlarımızı xilas etməkdənsə, özü Gözəl xanımı əsir götürdü”

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə münasibət bildirib.

Tale Bağırzadə bu həbsi “hakimiyyətin mübariz Azərbaycan qadınını girov götürməsi” kimi qiymətləndirib.

“Yenə Azərbaycan hakimiyyəti qırmızı xətti keçdi. Bundan əvvəl Nigar Yaqublu, Leyla Yunus və Xədicə İsmayıl həbs olunmuşdu. Azərbaycan hakimiyyəti Qarabağda hələ də əsirlikdə qalan Azərbaycan qadınlarını, namusumuzu erməni işğalçılarından xilas etməkdənsə, ölkəmizdəki mübariz qadın nümunələrindən biri olan Gözəl xanımı özü əsir götürdü. Hesab edirəm ki, Gözəl Bayramlının həbsi Azərbaycan insanlarının hakimiyyətə qarşı dirənişini daha da gücləndirəcək. Gözəl xanım təkcə adı ilə deyil, həm də fədakarlığı ilə siyasətə, mübarizəyə gözəllik qatıb. Onun həbsi zülmə, rejimə qarşı mübarizəni daha da gözəlləşdirəcək. Biz sizinlə qürur duyuruq, Gözəl xanım!”, – Tale Bağırzadənin açıqlamasında bildirilir.