Taksi xidmətləri ƏDV-yə cəlb ediləcək

Son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18% dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb.

Bu barədə Vergilər Nazirliyininin Media və Kommunikasiya Mərkəzindən verilən məlumatda qeyd edilib.

Bildirilib ki, ölkədə qanuni əsaslarla fəaliyyət göstərən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.

“1 yanvar 2017-ci il tarixdən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən yalnız Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur.

Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, ölkədə dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərnişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir.

Dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişin daşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin yerli nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur".