Suraxanıda: Qazın təzyiqi aşağı olur, elə bil şam yanır

Suraxanıda: Qazın təzyiqi aşağı olur, elə bil şam yanır

"Bir tərəfdən pandemiya, bir tərəfdən də soyuq bizi xəstə salıb”

"Hava soyuyan kimi qazın təzyiqi azalır, nə evlər qızır, nə də yemək hazırlaya bilirik".

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsinin sakinləri Meydan TV-yə ünvanladıqları şikayətdə belə deyirlər.

Sakinlərdən Arif Məmmədov bildirib ki, hər payız-qış aylarında onların mavi yanacaq problemi baş qaldırır: «Adi günlərdə də qazın təzyiqi aşağı olur, elə bil şam yanır. Məhəllə dənizə yaxın olduğundan evlər nəm çəkir, bir balaca hava soyuyan kimi nəmişlikdən divarlardan su axır. Şikayətlərdən sonra qazın təzyiqi bir-iki gün düzəlsə də, sonradan yenə aşağı düşür».

Sakinlər deyirlər ki, problemin səbəbini də bilmirlər. “Azəriqaz” İstehsalat Birliyinin «qaynar xətt» xidmətinə dəfələrlə müraciət ediblər, hətta qazın təzyiqini əks etdirən görüntüləri də göndəriblər, lakin nəticəsi olmayıb.

"Bir tərəfdən pandemiya, bir tərəfdən də soyuq bizi xəstə salıb. Qazandığımızı dərmanlara, bir də kommunal xidmət haqlarına xərcləyirik. Az qalıb evdə palto ilə gəzək, yeməyi elektrik sobasında bişiririk",- sakinlərdən biri deyib.

Suraxanı Rayon Qaz İstismar Sahəsindən isə Meydan TV-yə bildiriblər ki, problemdən xəbərdardılar, tədbir görülür.

Facebook