Sumqayıta 70 yeni avtobus gətirilir

Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə avtobusların dəyişdirilməsinə başlanılıb.

Bu barədə Trend-ə özəl açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin "SumqayıtNəqliyyat" MMC-in rəhbəri Xannı Rüstəmov deyib.

Qurum rəhbəri bildirib ki, şəhərdaxili və şəhərkənarı marşrut xətlərindəki bütün köhnə avtobuslar mart ayına qədər yeniləri ilə əvəzlənəcək:

"Artıq yeni avtobuslar sifariş verilib. Hissə-hissə avtobuslar gətirilərək marşrut xətlərinə buraxılacaq. Hazırda Sumqayıtda əksər marşrut xətlərindəki avtobuslar yenisi ilə əvəzlənib. 3, 2 və 14 saylı marşrutlardakı avtobuslar isə hələ də köhnədir və standartlara cavab vermir. Bu marşrutlardakı avtobusların yenisi ilə əvəzlənməsi üçün 70 yeni avtobus sifariş verilib. Həmin avtobusların yarısı iritutumlu, qalanları isə kiçiktutumludur".