Sultanlı seçkidə mandat bölgüsü

Sultanlı seçkidə mandat bölgüsü

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası parlamentin aşağı palatasına – Məclisə düşən partiyaların neçə mandatla təmsil olunacağını açıqlayıb. Novator.az-ın məlumatına görə, yanvarın 10-da keçirilmiş Məclis seçkisində sabiq prezident Nursultan Nazarbayevin sədrlik etdiyi Nur Otan Partiyasının 76 mandat qazandığı bəyan olunub.

Mərkəzi Seçki Komissiyasının 12 yanvar hesabatına əsasən, Demokrat Partiyası 12, Xalq Partiyası 10 mandat götürüb.

107 deputatdan ibarət Məclisin 98 deputatı proporsional üsulla (partiya siyahıları üzrə) seçilir, 9 deputatı Qazaxıstan Xalqı Assambleyası müəyyənləşdirir. Nursultan Nazarbayevin sədrlik etdiyi assambleya seçkini yanvarın 11-də keçirib.

1940-cı il təvəllüdlü Nursultan Nazarbayev 1979-cu ildən ali dövlət vəzifələri tutub, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Nazirlər Sovetinin sədri olub.

1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri seçilib. 1990-cı ildən eyni zamanda Qazaxıstan Ali Sovetinin sədri postunu tutub.

1990-cı ildə parlamentdə prezident seçilib.

1991-ci il dekabrın 16-da Qazaxıstan dövlət müstəqilliyini elan edib.

Nursultan Nazarbayev 1991, 1999, 2010, 2015-ci illərin ümumxalq səsvermələrində prezident kürsüsünü qoruyub.

2019-cu il martın 20-də dövlət başçısı postundan öz istəyi ilə ayrılan Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri, Konstitusiya Şurasının üzvüdür.

Facebook