“Şərlənib həbs olunan Qarabağ qazilərinin azadlığa buraxılmasını istəyirəm”

“Şərlənib həbs olunan Qarabağ qazilərinin azadlığa buraxılmasını istəyirəm”

Apelyasiya şikayəti təmin olunmayıb

Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Orxan Baxışlının vaxtından əvvəl azadlığa buraxılması barədə şikayətinə baxılıb. Onun cəzasının başa çatmasına 6 ay 16 gün qalıb.

O.Baxışlının bu barədə ərizəsini Qaradağ Rayon Məhkəməsi təmin etməmişdi. Həmin məhkəmə qərarından apelyasiya şikayəti verilib. Məhkəmə Altkomissiya üzvlərinin mülahizəsini O.Baxışlı haqqında mənfi rəyini əsas götürərək, onun vaxtından əvvəl azadlığa çıxmasına “yox” cavabı vermişdi.

Oktyabrın 21-də apelyasiya məhkəməsində O.Baxışlının vəkili Zibeydə Sadıqova bildirib ki, sözügedən mülahizə əsassızdır. Mülahizədə O.Baxışlının cəzaçəkmə müəssisəsində verilən tapşırıqları yerinə yetirmədiyi, tərs və təkəbbürlü olduğu qeyd olunub. Onun özünü təqsirli bilməməsi islah olunmamasının göstəricisi kimi təqdim olunub: “Cəzaçəkmə müəssisəsində məhkuma nə tapşırıq verilir ki, o da yerinə yetirmir? Bu məsələ aydınlaşdırılmalıdır. Onun tərs və təkəbbürlü olmasının azadlığa çıxmasına nə aidiyyəti var? Belə çıxır ki, tərs və təkəbbürlü insanlar həbsdən buraxıla bilməz? Özünü təqsirli bilib-bilməmək şəxsin fundamental hüququdur. Bunu şəxsin əleyhinə qiymətləndirməyin özü hüquq pozuntusudur. Yaxud qeyri-səmimi olduğunu yazıblar. Adamın səmimi olmadığını hansı cihazla ölçüblər?”

Bundan öncə O.Baxışlının cəza rejiminin dəyişdirilməsi, onun məntəqə tipli müəssisəyə köçürülməsi üçün də məhkəməyə müraciət olunmuşdu. O zaman da komissiya eyni rəyi verib. Hər iki rəy sözbəsöz eynidir.

Vəkil mülahizəyə imza atmış şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Daha bir vəsatət isə O.Baxışlı ilə birlikdə cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların dindirilməsi olub.

Vəsatətlər təmin olunmayıb.

Müdafiəçi vurğulayıb ki, O.Baxışlının ali təhsili yarımçıq qalıb. O, cəza çəkdiyi müddətdə daxili nizam-intizam qaydalarına riayət edib, daim idmanla, təhsillə və ictimai faydalı əməklə məşğul olub.

O.Baxışlı çıxışında qeyd edib ki, ölkədə koronavirusa yoluxanların sayı kəskin artıb. Bu, cəzaçəkmə müəssisələrində də yoluxma riskini artırır. O həmçinin ölkədə müharibə getdiyi bir vaxtda günahsız adamların həbsdə saxlanmasının yolverilməz olduğunu vurğulayıb. Özü də azadlığa buraxılarsa, torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərə yollanacağını deyib:

“Qarabağı görməsəm də, canımı onun uğrunda fəda etməyə hazıram. Bu şərəfli tarixin yazılmasında pay sahibi olmaq istəyirəm. Tam səmimiyyətimlə deyirəm, bu gün sizlərin, cəmiyyətin qəbul etmədiyi, məhbus bildiyi adamlar canlarını fəda etməyə hazırdır bu xalq, bu ölkə üçün. Mənə çıxarılacaq qərarın nə olmasından asılı olmayaraq, Qarabağ uğrunda döyüşmüş, şərlənərək bu gün dəmir məftillər arxasında olan Asif Yusifli, Babək Həsənov, Saleh Rüstəmli başda olmaqla, bütün qazilərimizin azadlığa buraxılmasını arzulayıram”.

Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

O.Baxışlının vaxtından əvvəl azadlığa buraxılmasının qarşısını alan mülahizəyə imza atanlardan biri də hüquq müdafiəçisi Səadət Bənənyarlıdır. O, Meydan TV-yə mənfi rəy verdiyini təsdiqləyib. Amma bildirib ki, ona göndərilən işlərdə məhkumun xasiyyətnaməsi və qaydaları pozduğu qeyd edilir: “Mənə gələn mülahizə əsasında imzamı atmışam, mən Orxan Baxışlını vizual görməmişəm. İndi təsəvvür edin ki, bu şəkildə sənəd gəlirsə, mən müsbət rəy verməliyəm?! Bəli, onun anası Kəmalə xanım mənim yanımda olub. Bir daha deyirəm, mənfi rəy vermişəm, amma həmin rəyə necə müsbət qoya bilərdim? Çünki birinci tələb məhkumun islah olunmasıdır, demirəm ki, Baxışlı cəzasını etiraf edərdi, sadəcə, elə bir şey edərdi ki, ona xasiyyətnamə yazanda bir ayaq yeri qoyardı ki, biz nəsə edə bilərdik”.

“Siz hüquq müdafiəsçisi kimi araşdıra bilməzdinizmi” sualına S.Bənanyarlı belə cavab verib: “Mən xasiyyətnaməyə əsasən imzalamışam və mən rəy verirəm, müsbət olsaydı da, bununla onu azad etməyəcəklər. Mən protokola baxıb mənfi rəy vermişəm. O qədər Orxan Baxışlı var, mən nə bilim odur. Bəli, bilirəm ki, o, Gürcüstanda oxumalıydı, anasını da tanıyıram. Amma dəqiq həmin Orxan Baxışlı olduğunu bilmədim”.

O.Baxışlı 2018-ci il mayın 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (narkotik əldə etmə, saxlama) maddəsilə 3 il azadlıqdan məhrum edilib.

O.Baxışlı özünü təqsirli bilmir və narkotikin onun cibinə Yasamal rayon Polis İdarəsində atıldığını bildirir. Özü də, üzvü olduğu AXCP də onun siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Səbəb kimi isə Orxanın həbsindən 3 gün öncə - Söz Azadlığının Beynəlxalq Müdafiəsi günündə (3 may) mərhum jurnalist Elmar Hüseynovun məzarı qarşısındakı çıxışı göstərilir. Həmin çıxışında O.Baxışlı E.Hüseynovun öldürülməsi, 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qatillərin tapılmamasına görə Azərbaycan hökumətinin məsuliyyət daşıdığını bildirmişdi.

Facebook