"Əsrin müqaviləsi" üzrə yeni saziş mərasimi keçirilir

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilir

Bu barədə prezidentin rəsmi saytında məlumat verilib. Məlumata görə, bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.

Mərasimdə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva iştirak edirlər.

İlham Əliyev mərasimdə nitq söyləyib.

İmzalanma nəticəsində "Əsrin müqaviləsi" adı ilə də tanınan AÇG blokunun birgə işlənilməsinə dair Sazişin müddəti 2050-ci ilədək uzadılacaq.

"Əsrin müqaviləsi" sövdələşməsi 1994-cü ildə imzalanıb.

Ötən ilin sonunda 2050-ci ilədək işlənməsinə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin əməliyyatçı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında niyyət məktubu imzalanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fonduna əsasən 2001-ci ilin əvvəlindən bu ilin mart ayınadək AÇG yatağı üzrə əldə olunan ümumi gəlir 123.102 mlrd ABŞ dollarına bərabər olub.

Hazırda Xəzərdəki layihədə səhmlərin böyük hissəsi BP-nin əlindədir. Britaniya şirkəti 35.8 faizlik paya malikdir. Digər səhmdarlar, SOCAR, ABŞ-ın Chevron və Yaponiyanın İnpex şirkəti hərəsi 11 faizə, Norveçin Statoil şirkəti isə 8.6 faizə malikdir. Amerikanın Exxon şirkəti isə 8 faizin sahibidir.

Rakurs TV