Sərhədi keçərkən Arakan müsəlmanlarına atəş açıldı - Video

BMT Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçan 38 min arakanlı müsəlmanın Banqladeşə keçdiyini təxmin edir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeşdəki nümayəndəsi Vivian Tan bildirib ki, yol kənarları müsəlman qaçqınlarla doludur. BMT təmsilçisi deyib ki, sərhədi keçərkən arakanlılara atəş açılıb. Bu barədə APA xəbər agentliyi məlumat yayıb.

Avropa Rohunca İttifaqı bildirib ki, Arakan əyalətinin mərkəzi Sitve şəhərində mülki vətəndaşlara qida və tibbi ləvazimatların çatdırılmasına icazə verilmir. Təşkilat ordunun hücumlarının olmadığı bölgələrdə də müsəlmanların təhlükədə olduğunu, humanitar yardımların qarşısının alındığını bəyan edib.

Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında Arakandakl hücumları nəticəsində son bir həftədə çoxlu sayda arakanlı müsəlman öldürülüb. Hücumlarda 60-dan çox kənd hədəfə alınıb. Onlarla kənd yandırılıb, on minlərlə arakanlı təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

Myanma hökuməti beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi vermədiyindən, ölənlərin sayını dəqiqləşdirmək hələ mümkün olmayıb.