Sərdar Babayevin şikayətinə baxılacaq

İlahiyyatçı Sərdar Babayevin (Hacıhəsənlinin) 3 il həbs edilməsinə dair Masallı Rayon Məhkəməsinin hökmündən verilən apelyasiya şikayətinə baxılacaq tarix açıqlanıb.
 
Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb. Onun deməsinə görə, şikayətə sentyabrın 11-i saat 14:30-da Şirvan Apelyasiya Məhkəməsində baxılacaq.
 
Apelyasiya şikayətində hökmün əsassız olduğu bildirilərək, ilahiyyatçıya azadlıq istənilir.
 
S.Babayev bu il fevralın 22-də saxlanmışdı. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. İyulun 3-də isə Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il azadlıqdan məhrum edən hökm çıxarıb.
 
Məhkəmə prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.
 
Müdafiə tərəfi bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.
 
Yerli sakinlərin AzadlıqRadiosuna dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.
toplum.tv