“Sözündən dönməz və mətin İlkin”

Amerikanın Səsinin NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı İlkin Rüstəmzadə barədə reportajı

25yaşlı İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili, xuliqanlıq, qanunsuz olaraq partlayıcı maddələr saxlamaq və bir sıra digər ittihamlarla uzun müddətə həbsə məhkum edilib.

İlkin Rüstəmzadə 2014-cü il mayın 6-da saxlanılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Sonradan NİDA Vətəndaş Hərəkatının həbs edilən üzvləri əfv və amnistiya aktları ilə azadlığa çıxıb, yalnız İlkin Rüstəmzadə hələ də həbsdədir.

İlkin Rüstəmzadənin anası Atlas Hüseynova oğlunun elə uşaqlıqdan sözündən dönməz və mətin olduğunu deyir.

“İlkin Rüstəmzadə elə uşaqlıqdan o cür olub. Bilirsiniz, xarakter uşaqlıqdan formalaşır. Böyüdükcə bir az da möhkəmlənir. İlkin elə uşaqlıqdan dönməz olub. Haqsızlığa dözməyən, başqasının haqqı uğrunda mübarizə aparan idi.Adi, lap məişətdə, həyətdə oyunda hər hansı bir haqsızlıq olarsa İlkin həmişə o haqsızlığı ifşa edirdi”.

Atlas xanım oğlunun günahsız olduğunu, İlkinin başqalarının görə bilmədiklərini gördüyü üçün, deyə bilmədiklərini dediyi üçün 5 ildir həbsdə olduğunu söyləyir.

“Yəqin ki, İlkinin hərəkətləri kiminsə mənafeyinə toxunub. Amma, hər halda bütün bunlarla yanaşı yəqin ki, bunun da bir sonu olacaq. Fikirləşirəm ki, istər iqtidar, istər müxalifət hər biri inandığı yerdə durmalıdır. Mən heç kimi qınamıram ki, sən hansı tərəfdəsən, kimin tərəfindəsən. Bu əqidə məsələsidir. Amma mən onu bilirəm ki, İlkinin apardığı haqq işidir. Bunu gec-tez hami biləcək. Aydın olacaq ki, o bayraq tutub, şüar deyən gənclərin çoxundan daha vətənpərvər və ölkəsini sevəndir”.

İlkinin atası Bakir Rüstəmzadə də oğlunun haqsız olaraq tutulduğunu düşünür və onun mübarizə yolunu alqışlayır.

“İlkin sözünü dediyinə görə həbs olunub. Belə bir gənci həbsdə saxlamaq… Kim eşidir. Biabırçılıqdı bu”.

Hazırda İlkin Rüstəmzadə Bakının Qızıldaş qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Hər 15 gündən bir ailəsi onun yanına baş çəkməyə gedir.

İlkinin cəza çəkdiyi müəssisə palçıqlı, asfalt örtüyü olmayan kələ-kötürlü yolu ilə seçilir. İlkinin anası Atlas xanım bu yolların çətinliklərindən danışır.

“Görəsən İlkin Rüstəmzadə məhkəmə tərəfindən sübuta yetirilməyən ittihamlardan nə zaman yaxa qurtaracaq? Ailəsi onunla bir daha nə zaman görüşəcək? Bu tarix isə hələ də bəlli deyil. Bəlli olan odur ki, gənc iqtisadçı, öz sözünü daim qorxmadan deyən İlkin 5 ildir həbsdədir”, ana bildirir.