Sosial şəbəkələrin ram edilməsi təklifi Ombudsmandan gəldi

Azərbaycanda sosial şəbəkələrin qanunla tənzimlənməsi təklif olunur.

Bu təklif Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd olunub ki, cəmiyyətdə xüsusi narahatlıq yaradan həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır.

Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, foto və video çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin infirmasiya texnologiyalarından şəxsi həyata, habelə əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatıların açıqlanması üçün istifadə edilə bilməz. Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, o cümlədən sosial şəbəkələrdən istifadə zamanı məsuliyyətin müəyyən edilməsinə, internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.

Apa