Sosial evlər üçün güzəştli kateqoriyanın siyahısı genişləndirilsin - EKSPERT

Sosial evlər üçün güzəştli kateqoriyanın siyahısı genişləndirilsin - EKSPERT

Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər. Bu kontekstdən, sosial mənzil və eləcə də, güzəştli ipoteka kreditinə müracət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu isə evsiz gənc ailələrinin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir.

 

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

 

O qeyd edib ki, güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxılıb dəyişdirilməsinə ehtiyac var:

 

“Belə ki, bu güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib. Məsələn, qaydalara əsasən, ən azı üç il dövlət qulluğunda və o cümlədən, dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər.

 

Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız beş ildən sonra bu hüququ əldə edir. Bu, o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur üç, müəllim isə beş ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır.

 

Bəs hansı meyarlarla məmurlar üçün üç il, müəllimlər üçün daha uzun müddət müəyənləşib? Cəmiyyət üçün müəllim məmurdan az faydalıdır?

 

Təklif edirik ki, müəllimlər üçün güzəşt hüququ bir ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin.

 

Həmçinin, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da, güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu, o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o sosial mənzilə və güzşətli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də 15 ildən çox müəllim işləyən vətəndaşlarımıza da gənc ailə olmasa da, belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibdir”.

 

İqtisadçı bildirib ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrin ev problemləri dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunmalıdır:

 

“Bu kateqoriya vətəndaşlarımızın sosial vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzillə təminatı davam etdirilməlidir. İndiyə kimi məcbur köçkünlərə 34 591 mənzil verilib. Onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 7,1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq, dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür.

 

Güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var”.

 

Vüqar Bayramov əlavə edib ki, gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda üç min mənzili satışa çıxarmaq niyyətindədir:

 

“Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb onun genişləndirilməsinə ehtiyac var. Xüsusən də regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır.

 

Eyni zamanda, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır.

 

Əgər 40-50 min manatlıq üçotaqlı ekonom evlər təklif olunardısa, onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır”.

Facebook