"SOCAR-ın borcları artığına görə bu pulları vətəndaşlardan çıxmaq istəyirlər"

“Azərbaycanda benzinin bahalaşması üçün heç bir iqtisadi səbəb yox idi. Çünki Aİ-92 yerli neftdən hazırlanan məhsuldur”

Bunu Rakurs TV-yə açıqlama verən REAL hərakatının idarə heyətinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli deyib. N.Cəfərlinin sözlərinə görə benzinin bahalaşmasına səbəb SOCAR-ın daxili və xarici borclarının artmasıdır:

“Neftin qiyməti dünya bazarında son zamanlar ucuzlaşmaqdadır. Buna görə də neftin bahalaşdırılmasına heç bir əsas yoxdur. SOCAR-ın daxili və xarici borcları artığına görə onlar bu pulları vətəndaşlardan çıxmaq istəyirlər.”

Ekspertin sözlərinə görə benzinin bahalaşması bir çox məhsulların bahalaşmasına səbəb olacaq:

“Məhsulların qiymətində də bahalaşma olacaq. Çünki bu məhsullar daşınır. Kənd təsərüfatı məhsullarının qiymətində bahalaşma olma ehtimalı daha çoxdur. Bu ilin sonuna qədər dizel yanacağının da qiymətinin bahalaşma ehtimalı var”

Natiq Cəfərli həmçinin onu da qeyd etdi ki, manatın gələcəyi də şübhə altındadır:

"Uçot dərəcəsinin artırılma ehtimalı, neftin ucuzlaşması, manatın gələcək taleyini şübhə altına alır. Həmçinin onu da qeyd edim ki, ölkəmizdə daxili istehsalın çox aşağı səviyyədə olmasına görə, xarici bazardan asılı vəziyyətdəyik. Qarşıdan dərs ili gəlir, 1.7 milyona yaxın tələbə, şagird və müəllimlərin məktəb ləvazimatlarına ehtiyacı yaranacaq. Bu məhsulların çoxu da ölkəmizə xaricdən gəldiyinə görə avqust ayında dollara kəskin təlabat yaranacaq. Kəskin devalivasiyanın baş verəcəyini proqnozlaşdırmasam da manatın dəyər itirmə ehtimalı çox yüksək hesab olunur”.