SMDT: Vətəndaşların mənafeyi zəruri şəkildə qorunmayıb

SMDT: Vətəndaşların mənafeyi zəruri şəkildə qorunmayıb

Təşkilat pandemiya dövründəki vəziyyətlə bağlı hesabat yaydı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda koronavirus xəstəliyi (Covid-19) pandemiyasına qarşı dövlətin həyata keçirdiyi tədbirlərin və tətbiq olunan karantin qaydalarının icrası ilə bağlı vəziyyəti təhlil edən, karantin dönəmində siyasi repressiyaların artması ilə ölkədə yaranan yeni siyasi durumun təsvirini əhatə edən hesabat yayıb.

SMDT hesab edir ki, karantin dönəmində Nazirlər Kabinetinin vətəndaşların konstitusion hüquq və azadlıqlarını ölkə miqyasında məhdudlaşdıran və ya qadağan edən qərarlar qəbul etməsi konstitusion səlahiyyətləri çərçivəsində olmayıb. Hesabatda xatırlanır ki, Konstitusiyanın 71-ci maddəsi dövlət orqanlarının yalnız konstitusion əsasda və qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərməsini müəyyən etsə də, pandemiya ilə mübarizədə fövqəladə hallara dair xüsusi hüquqi rejim tətbiq edilib, ancaq bunun üçün konstitusion hüquqi əsaslar mövcud olmayıb:

“Karantin qaydalarının pozulmasına görə polisin tətbiq etdiyi inzibati məsuliyyət tədbirləri kütləvi xarakter daşımaqla bu sahədə Avropa Şurası ölkələrinin yaxşı təcrübəsindən köklü şəkildə fərqlənib. Nəticədə Azərbaycanda karantin qaydlarının pozulması ilə bağlı həm həbslər, həm də cərimələr kütləvi şəkildə tətbiq olunmaqla vətəndaşların mənafeyi zəruri şəkildə qorunmayıb”.

SMDT qeyd edib ki, karantin dövründə vətəndaşlara ictimai yerlərdə əvvəlcə 10 nəfər, daha sonra 5 nəfərədək toplanmasına icazə verilib:

“Bununla da vətəndaşların sərbəst toplaşmaq azadlığı son 5 ayda ciddi şəkildə məhdudlaşdırılıb. Ümumiyyətlə, karantin dövründə 88 gün ərzində vətəndaşlara yaşadıqları ərazini tərketmə qadağası qoyularaq, yaşadıqları yeri tərk etməsi üçün yalnız 2-3 saatlıq xüsusi icazə qaydası müəyyən edilib. Koronavirus pandemiyası ilə bağlı karantinin tətbiqi 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərindən 3 həftə sonraya təsadüf etdiyi üçün seçkilərin nəticələri barədə ictimai müzakirələr tədricən azalıb. Seçkilərdən 20 gün sonra Prezident Administarsiyasının ictimai-siyasi məsələlər şöbəsi müdiri Ədalət Vəliyevin müxtəlif siyasi partiyalar, xüsusən də son parlament seçkilərində təmsilçiləri deputat seçilmiş siyasi təşkilat rəhbərləri ilə görüşlərə başlayıb. Bu görüşlər müxalifət-iqtidar dialoqu kimi təqdim edilsə də, substantiv qaydada təşkil olunmayıb, media və ictimaiyyət nümayəndələrinin iştirakı təmin edilməyib. Müsavat və Xalq Cəbhəsi partiyaları isə bu görüşlərdə iştirakdan imtina edərək, bunu görüşlərin formatı və predmetinin aydın olmaması ilə izah ediblər”.

“Pandemiyaya qarşı karantin qaydalarının pozulmasına görə tətbiq olunan inzibati cərimələr əksər hallarda mütənasiblik və zərurilik meyarlarına uyğun gəlməyib”,-deyə sənəddə bildirilib. Eyni zamanda, xatırlanıb ki, bu tendensiya inzibati cərimələrin sayı baxımından xüsusi diqqət çəkib:

“Məsələn, Daxili İşlər Nazirliyinin məlumatına görə, 17 mart-21 iyul dövründə xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs barəsində inzibati məsuliyyət tədbiri seçilib, onlardan 788 nəfər həbs olunub, 193 min 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfər isə cərimələnib. Bununla faktiki olaraq karantin rejiminin tətbiq edildiyi 4 ay ərzində ölkə əhalisinin hər 52 nəfərindən biri inzibati xəta sanksiyasına məruz qalıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycanla təxminən eyni dövrdə (27 Mart - 20 iyul) karantin rejimi tətbiq edilən Böyük Britaniyada ictimai səhiyyə qaydalarını pozduğuna görə İngiltərə və Uels polis qüvvələrinin tətbiq etdiyi inzibati sanksiyaların sayı 18.669 olub. Bu isə bütün İngiltərə və Uelsdə hər 10 min nəfər sakinə 3 cərimə deməkdir. Karantində sanksiyaların tətbiqi üzrə Ukraynada hüquq-mühafizə orqanları 17 mart – 22 iyul dövründə 20 000 inzibati protokol tərtib ediblər. Ancaq müstəqil jurnalist araşdırmaları göstərib ki, məhkəmələrə təqdim edilən təxminən 3000 işdən yalnız 238 iş haqqında qərar qəbul edilib. Göründüyü kimi, Ukraynada karantin qaydalarının pozulmasına görə polisin tərtib etdiyi protokolun yarıdan çoxunu məhkəmələr ya rədd edib, ya da polisə geri qaytarıb. Ancaq Azərbaycanda bununla bağlı fərqli təcrübə müşahidə olunub. Məsələn, Bakı şəhərinin 4 rayonu (Sabunçu, Nəsimi, Binəqədi və Nizami) üzrə iyul-avqust ayları üzrə yerləşdirilmiş 100-dən artıq məhkəmə qərarlarında tətbiq edilmiş inzibati tənbeh qərarlarından aydın olur ki, vətəndaşların bu qərarlarla bağlı verdiyi şikayətlərdən yalnız ikisi – biri Sabunçu, digəri isə Nəsimi Rayon Məhkəməsində ləğv edilib. Həmin dövr üzrə vətəndaşların heç bir şikayəti təmin edilməyib və ya geri qaytarılıb. Bu müddət ərzində inzibati həbslə bağlı bütün prokotolları məhkəmələr təmin edib”.

SMDT-nin tətbiq olunan cərimələrin Gürcüstan, Türkiyə və Ukrayna ilə müqayisəsi göstərir ki, Azərbaycan tətbiq olunan inzibati sanskiyaların sayına görə birinci yerdədir:

“Karantin dönəmində inzibati həbslərin sayının çoxalması İXM-nin mövcud müddəaları ilə uyğunluq təşkil etmir. Məsələn, İXM-nin 30 maddəsində inzibati həbslə bağlı müəyyən edilən ümumi qayda budur ki, inzibati həbs müstəsna hallarda tətbiq edilir. Ancaq Bakı şəhəri üzrə yuxarıda adıçəkiləm 4 rayon məhkəməsinin qərarları göstərir ki, inzibati həbs cəzalarının tətbiqində ədalətli məhkəmə araşdırması hüququnun əsas prosessual təminatları mövcud olmayıb. Bu rayonlarda polis orqanlarının inzibati həbs üçün təqdim etdiyi materiallar məhkəmələrin inzibati həbs qərarı ilə nəticələnib”.

Sənəddə karantin dövründə siyasi repressiyaların olduğu da xatırlanıb:

“Ümumilikdə tətbiq ediləndən sonrakı 3 ay ərzində 6 fəala qarşı siyasi motivlərlə cinayət işi açılıb, 33 nəfər isə inzibati qaydada həbs edilib. Bu dövr ərzində ən az 56 hökumət tənqidçisi və siyasi fəal bu və ya digər formada siyasi təzyiqlərlə üzləşib, bəzi hallarda onlara qarşı karantin rejiminin qaydalarını pozmaq ittihamı irəli sürülərək, inzibati qaydada həbs ediliblər. Bu şəxslərdən 29 nəfəri isə AXCP üzvləri olub. İyulun 12-də Azərbaycanın Ermənistanla sərhəd rayonu olan Tovuz ərazisində başlamış döyüşlər nəticəsində baş verən itkilərdən qəzəblən minlərlə vətəndaş iyulun 14-də Bakı şəhərinin mərkəzi küçələrində yürüş ediblər. Aksiya zamanı bir qrup şəxs Milli Məclis binasında daxil olaraq, bəzi əşyalara xəsarət yetiriblər. Bu zaman polis qüvvələri su şırnağı vuran maşınlar, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edərək həmin ərazidə və digər küçələrdə yürüşü dağıdıblar. Yürüş dağıdılarkən ən azı 70 nəfəri polis saxlayıb. Arasında ictimai fəallar və jurnalistlərin də yer aldığı şəxslər günlərlə polis məntəqələrində şəraitsiz otaqlarda saxlanılıb, pis rəftarla üzləşiblər. Yürüşdən sonra Daxili İşlər Nazirliyi 7 nəfərə qarşı cinayət işinin açıldığını bildirsə də, yerli hüquq müdafiə qrupları 70-dən çox şəxsin saxlanıldığı barədə məlumat yayıb. İyulun 16-da isə prezident İlham Əliyev yürüşə görə AXCP-ni günahkar sayıb və onlara qarşı hüquqi tədbirlər görüləcəyini bildirib. Bundan sonra siyasi fəalların həbsləri artmağa başlayıb. Hazırda yayılan məlumatlara görə 38 nəfərə qarşı cinayət işi açılıb”.

Facebook