SMDT növbədənkənar seçkilərlə bağlı Aralıq Hesabatını açıqlayıb

SMDT növbədənkənar seçkilərlə bağlı Aralıq Hesabatını açıqlayıb

9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) uzunmüddətli qaydada müşahidəçilik fəaliyyətini icra edir.
 
Rakurs.tv xəbər verir ki, bu barədə məlumatı SMDTAZ.ORG yayıb. 
 
SMDT qeyd edir ki, 2015-ci ildə keçirilmiş sonuncu parlament seçkiləri ilə müqayisədə növbədənkənar parlament seçkiləri öncəsi siyasi fəallıq artaraq, müstəqil qaydada seçki prosesinə qatılan namizədlərin sayının çoxluğu ilə diqqət çəkib. Bununla belə seçkilər ərəfəsində siyasi azadlıqlar,  xüsusilə  sərbəst toplaşmaq,  birləşmək  və ifadə azadlıqlarından istifadə üçün məhdudiyyətlər aradan qalxmayıb və bu tendensiya hazırkı seçkinin demokratikliyinə mənfi təsir edən faktor kimi qalmaqdadır.
 
SMDT təəssüflə qeyd edir ki, 2020-ci il növbədənkənar parlament seçkiləri ərəfəsində mövcud Seçki Məcəlləsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə tövsiyyələri əsasında təkmilləşdirilməyib, bu qanunun məhdudlaşdırıcı müddəaları, o cümlədən seçkiqabağı təşviqat müddətinin azlığı ilə bağlı qaydalar əlverişli rəqabət mühitini təmin etmir.
 
SMDT namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində bəzi qanun pozuntuları qeydə aldığını bəyan edərək, bu halların 2005-ci ildən bəri müşahidə etdiyi bütün parlament seçkiləri üçün səciyyəvi olduğunu qeyd edir. Pozuntular əsasən bəzi müxalif və müstəqil namizədlərə icra strukturları, seçki komissiyaları və ya işlədikləri müəssisələrin rəhbərlikləri tərəfindən namizədlikdən imtina etmələri üçün təzyiqlər, bəzi hallarda isə imza vərəqlərinin verilməsindən imtina halları, imzatoplama prosesində iştirak edən şəxslərə maneələrin yaradılması ilə müşayiət olunub.
 
SMDT hesab edir ki, seçkilərin növbəti mərhələlərində seçki iştirakçılarına təzyiqlərin qarşısı alınmalı, inzibati resurslardan sui-istifadə təcrübəsinə son qoyulmalı, MSK qanun pozuntularına yol verən icra hakimiyyəti nümayəndələrinin məsuliyyətə cəlb olunub cəzalandırılması  üçün zəruri addımlar atmalıdır.
 
SMDT tövsiyyə edir ki, seçki şikayətləri ərizəçilərin iştirakı ilə həm seçki komissiyaları, həm də məhkəmələrdə hərtərəfli araşdırılmalı, şikayətlərə baxılarkən milli qanunvericiliklə yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin seçki hüquqlarının pozulması ilə bağlı qərarları diqqətə alınmalıdır.
 
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Facebook