Skripalı zəhərləyən maddə məlum oldu

Xəbər verdiyimiz kimi, martın 4-də Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərənin Salisburi şəhərində zəhərlənib. 

“Dünya Bülteni”nə istinadən xəbər verilir ki, İngiltərənin Ətraf mühit və Qida nazirliyi Skripalların evində yüksək miqdarda “Noviçok” kimyəvi maddəsinin aşkarlandığını açıqlayıb.

Məlumata görə, həmin maddə maye formasında olub. Araşdırmalar nəticəsində ata və qızının zəhərləndikləri gün getdikləri bar, restoran, təcili yardım stansiyası və polis avtomobilində də həmin maddələrə rast gəlinib.

Kimyəvi maddənin ətrafda buraxdığı izlərin təmizlənməsi üçün 200 hərbçi bu işə cəlb edilib. Məlumata görə, bu maddə zaman keçdikcə məhv olmadığı üçün dərindən təmizlik aparılmalıdır. Təmizliyin bir neçə ay davam edəcəyi bildirilir.

Bu işlər çərçivəsində Skripalların getdiyi bəzi ictimai yerlərdəki otluq sahələrin yenidən qurulması, daşların sökülməsi, zəhərin bulaşdığı materialların yandırılması nəzərdə tututulub.

Qeyd edək ki, bu hadisənin törədilməsində Rusiya ittiham edilmiş və etiraz olaraq bir neçə ölkə rus diplomatları ölkələrindən qovmuşdu.