Şəki - qədim və müasir şəhər - Foto

Yerli əhalinin, eləcə də xarici ölkələrdən gələn turistlərin üz tutduğu şəhərlərdən biri də Şəkidir. 

Turistlər adətən gəzmək üçün şəhərin Xan sarayına, Karvansaraya və həmin ərazidəki yerlərə üz tuturlar. Şəkinin özünəməxsus mətbəxi də istirahətə gələnlərin diqqətini çəkir. Buranın pitisinin, halvasının, bamiyəsinin dadına baxmadan gedən turistlərin səfəri hədər sayılır.

Şəhərin qədimiliyinin qorunub saxlanması, buranı digər rayon və şəhərlərdən fərqləndirir. Yeni tikilən binalar da köhnə üsluba uyğun inşa edilir.

Burada paytaxt Bakıdan fərqli olaraq şəhərin hər yerində su arxları hazırlanıb. Hətta arxaları ara məhəllərdə də görmək mümkündür ki, bu da ətrafı subasmadan, gölməçələrin yaranmasından qoruyur. Şəhərin bəzi yerlərində isə yolun hər iki tərəfində də arxlar hazırlanıb.

Şəkidə ictimai nəqliyyat vasitələrindən ən çox istifadə olunanı taksilərdir. Sərnişin daşıyan marşrut xətləri axşam saat 19.30-20.00-a qədər işləyir. Marşrut xəttində olan nəqliyyat vasitələrinin əksəriyyəti mikroavtobuslardan ibarətdir. Taksilərin gediş haqqının məsafəyə görə 2-5 manat arasında dəyişməsi amili də, bu ictimai nəqliyyat vasitəsindən daha çox istifadə olunmasında rol oynayır.

Yeri gəlmişkən, əhalinin məşğul olduğu işlərdən və gəlir yerlərindən biri də məhz sürücülükdür. Avtobus sürücüləri arasında gənclərə daha çox rast gəlinir Ümumiyyətlə, Şəkidə yerli əhali işsizlikdən əziyyət çəkir. Əhali sürücülüklə yanaşı, əsasən təsərrüfat, ticarət və xırda sahibkarlıqla məşğul olur. 

Şəhərdə fəaliyyət göstərən İpək kombinatında 300 nəfər işçi çalışır. Sakinlər deyir ki, əvvəllər burada 7-8 min nəfər çalışıb. Bundan əlavə, kombinatın filialları da fəaliyyət göstərib ki, burada da təxminən 500 nəfər işçi olub.

“Şəkinin istehsalat sahəsi demək olar ki, yox səviyyəsindədir. Əvvəllər burada ət kombinatı da fəaliyyət göstərib. O vaxtlar alma, üzüm bağları olub. İndi isə insanların çoxu işsizlikdən əziyyət çəkir. Şəkiyə diqqət ayıran yoxdur. Adicə asfalt nədir ki, neçə illər bundan əvvəl çəkilib, yenilənmir. Ona görə də camaat Rusiyaya pul qazanmağa gedir. Yaxşı ki, hələ buraya turistlər gəlir”, – təqaüdçü Şəki sakini Amil dayı belə deyir. 

Şəhərdə axşam 23.00-dan sonra açıq mağaza, aptek tapmaq bir qədər çətin məsələdir. Buna görə də turistlərə buna diqqət etmələri məsləhət görülür.

“Ailəmlə birlikdə buraya gəlmişik. Qayınanamın səhhətində problem yarandı. Təcili yardım maşını çağırdıq. Gələn həkim xəstəxanaya getməli olduğumuzu bildirdi. Elə onlarla birgə xəstəxanaya getdik. Qəbul şöbəsində həkimlər mürgüləyirdi. Axşam saat 11-ə qalırdı. Bizə resept yazdılar. Dedilər, yaxınlıqda aptek var. Çıxdıq yazılanları almağa, hər yeri gəzdik, çox şükür çətinliklə də olsa, bir dənə aptek tapa bildik”, - Bakıdan gələn Elnur adlı turist başına gələn hadisəni danışarkən bunları söyləyir.

İstirahətə gələnlərin üz tutduğu məkanlardan biri də Kiş kəndində yerləşən Alban kilsəsidir. Buraya daxil olmaq üçün 2 manat giriş haqqı ödənilməlidir. Alban kilsəsində kiçik bir yer ayrılıb ki, inanca görə, burada insanın arzuları çin ola bilər. Belə ki, niyyət edən şəxs qəpiyi divara sıxır, əgər qəpik divara yapışarsa, deməli, həmin insanın istəkləri gerçək olacaq.

Şəhərin mərkəzində “Cümə” məscidi yerləşir ki, buraya əsasən sünnilər, mərkəzdən bir qədər kənarda fəaliyyət göstərən “İmam Əli” məscidinə isə daha çox şiələr gəlir. Ümumilikdə isə şəhərdə 7 məscid var.

Samir Mirzə