"Sizlərin sayəsində qız uşaqlarımız orta məktəblərə baş örtüyü ilə gedə bilir"

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə "hicab məhbusları"nı təbrik edib.

Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı "hicab məhbusları" Rövşən Allahverdiyev, Tərlan Ağadaşov və İlham Hətəmovu azadlığa buraxılmaları münasibəti ilə təbrik edib. Adıçəkilən şəxslər Təhsil Nazirliyinin qarşısında 2012-ci il 5 oktyabr tarixində keçirilən "Hicaba azadlıq" aksiyasına görə həbs olunublar. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən etirazçıların aprelin 5-i həbs müddəti başa çatıb. 

Tale Bağırzadə təbrik məktubunda orta məktəblərdə hicab qadağasının etirazlar sayəsində ləğv olunduğunu qeyd edib:

“Dəyərli qardaşlarım! Artıq illərdir ki, ölkədə təhsil ocaqlarına baş örtüyü ilə getmək hüququ olan qız uşaqlarımıza süni maneələr yaradıldığı heç kəsə gizlin deyil. Və bu da bir həqiqətdir ki, hər süni qadağa haqq sevən mübariz insanların etirazı ilə üzləşib. Bu istiqamətdə sizin orta məktəblərdə baş örtüyünə qoyulan qadağaya etiraz olaraq atdığınız adım dəyərli və çox müqəddəsdir. Sizlərin cəsarət və əzmkarlığı sayəsində bu gün qız uşaqlarımız əksər orta məktəblərə baş örtüyü ilə gedə bilir".

O, daha sonra etiraz aksiyalarında iştirak edənlərə təşəkkürünü bildirib:

"Biz buna görə sizlərə minnətdarıq. Mərd və əzmkar xalqımızın zülm və haqızlıq qarşısında duran sizin kimi mətin oğulları həmişə olub və bundan sonra da olacaq. Sizlərin timsalınızda mübarizə meydanın fatehlərinə öz təşəkkürümüzü bildiririk.

Qobustan həbsxanası, Tale Bağırzadə"

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Nardaran əməliyyatında həbs olunub. O və daha 16 nəfərin məhkəməsi 2017-ci il yanvarın 25-də başa çatıb. Tale Bağırzadə və Abbas Hüseynova 20 il, digərlərinə 10 ildən 19 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.