"Siyəzən məhbusları" aclıq aksiyasına başladı

Bu gün (20 iyun) Siyəzən məhbuslarının apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirib ki, məhbusların işi üzrə appelyasiya baxışı qeyri-müəyyən vaxta kimi təxirə salınıb:

"Səbəb o idi ki, əvvəl apellyasiya şikayəti verməyən iki məhbusdan biri apellyasiya şikayəti verib. Onun verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilməməsini yoxlamaq üçün iş yenidən Quba rayon məhkəməsinə göndərilib"

Onun sözlərinə görə, məhbuslar bu gündən aclıq aksiyasına başladıqlarını elan ediblər.

Siyəzəndə etiraz aksiyalarına 2016-cı ilin  yanvarın 12-də sahibkarlar başlamışdı. Un emalı və çörək bişirməklə məşğul olan sahibkarlar təqribən 200 nəfərlik bir qrup toplayaraq, unun qiymətinin bahalaşmasına narazılığını bildirmək üçün icra hakimiyyətinə getmişdilər. Onlar icra başçısı və deputatla görüşüb öz dərdlərini demək istəyirdilər.  İcra başçısı sahibkarlara söz vermişdi ki, bir gün sonra deputat Tahir Süleymanov da gələcək və onların hamısı İcra Hakimiyyətinin akt zalında qəbul ediləcək. Lakin İcra Hakimiyyətinə gedənlərin hər biri həmin gecə öz evində həbs olunub. Bundan sonra yanvarın 13-də yerli sakinlər həmin həbslərə etiraz bildirmək üçün küçələrə çıxıb. Etirazın zamanı əhali ilə polis arasında toqquşmalar yaranıb.

Bundan sonra DİN və Prokurorluğun birgə açıqlamasında Siyəzən hadisələrinə görə 55 nəfərin həbs olunduğu qeyd edilsə də, KİV-də 200-dən çox Siyəzən sakininin həbs olunduğu və işgəncələrə məruz qaldığı bildirilirdi.

Rakurs TV