Siyasi şərhçi: Lavrovun açıqlamasında təhlükəli məqam var

Siyasi şərhçi: Lavrovun açıqlamasında təhlükəli məqam var

“Faktiki olaraq, Rusiya Azərbaycan ərazisində özünün hərbi təmsilçiliyini təklif edir”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişənin həllini necə gördüyü barədə danışıb.

Nazir keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağda münaqişənin siyasi həlli mümkündür.

Onun sözlərinə görə, həmsədrlərin üzərində işlədiyi və işləməkdə davam etdiyi təkliflər danışıqlar masasında qalır:

“Bu, Qarabağın yekun statusu müəyyən edilənə qədər Qarabağ ətrafında 5 regiondan erməni qoşunlarının mərhələli şəkildə çıxarılmasıdır. Bu zaman Qarabağın təhlükəsizlik zəmanətlərinə riayət olunmalı və Ermənistanla Qarabağ arasında etibarlı əlaqə təmin edilməlidir. Bundan sonra daha iki regionun azad edilməsi və Qarabağın statusunun müəyyən edilməsi. Qarabağda sülhə bütün bu müddət ərzində, o cümlədən də sülhməramlıların dəstəyi ilə riayət olunacaq”.

"Şər deməsən, xeyir gəlməz. İndi bütün faciəvi hadisələr bu prosesləri torpaqda təhlükəsizlik məsələlərinin həllinə paralel olaraq aktivləşdirməyə kömək etməlidir", - deyə Lavrov fikrini tamamlayıb.

Sergey Lavrovun açıqlamasını Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov deyir ki, Rusiya Xarici işlər nazirinin söylədiklərində yeni bir şey yoxdur və o, Madrid Prinsiplərini təkrar edib:

“Onun açıqlamasında başqa təhlükəli məqam var, yəni indiki mərhələdə atəşkəsə nail olub, təmas xəttində Rusiyanın hərbi müşahidəçilərin yerləşdirilməsini istəyir. Faktiki olaraq, Rusiya Azərbaycan ərazisində özünün hərbi təmsilçiliyini təklif edir. Əgər bu təklif həyata keçərsə, hər iki tərəf üçün çox təhlükəli sonucla nəticələnəcək. Çünki Rusiya qoşunlarının Gürcüstanda, Ukraynada, Moldovada hansı fəsadlara gətirdiyini hamı bilir, onlar nə sülhün bərpasına gətirir, nə də həmin dövlətlərin suverenliyinin möhkəmlənməsini. Rusiyanın hərbi təmsilçiliyinin bir məqsədi var: həmin regionları nəzarətində saxlamaq”.

Rauf Mirqədirov hesab edir ki, bu gün Azərbaycan üçün vacib məsələ birtərəfli heç bir razılaşmaya getməməkdir:

“Əgər regionda hansısa sülhməramlıların yerləşdirilməsindən söhbət gedirsə, bunun üçün beynəlxalq ictimaiyyətin mandatı olmalıdır. Ötən əsrin 90-cı illərində bununla bağlı iki təklif irəli sürülmüşdü: sülhməramlıların tərkibi regionda heç bir marağı olmayan dövlətlərin hərbçilərindən təşkil edilməlidir. İkinci, həmsədr dövlətlərin sülhməramlılarda payı 30 faizdən artıq ola bilməz. Rusiya indi vəziyyətin gərginliyindən, dünyanın diqqətinin yayınmasından istifadə edib öz hərbi təmsilçiliyini münaqişənin qaynar fazasını dayandırmaq üçün sırımaq istəyir. Azərbaycan heç bir halda buna getməməlidir”.

Facebook