Siyasi məhbuslarla bağlı yeni kampaniya başladıldı

NIDA Vətəndaş Hərəkatının üzvləri və bir qrup gənc siyasi məhbuslarla bağlı yeni kampaniyaya qərar veriblər.

Bu barədə NİDA İdarə Heyətinin üzvü Ülvi Həsənli və AXCP sədrinin keçmiş müavini Əbülfəz Qurbanlı məlumat yayıblar. 

Əbülfəz Qurbanlı bildirib ki, siyasi məhbus problemi gündəmin daimi mövzusudur və diqqətdə saxlanılmalıdır: "Həm məhbusların sayı artır, həm də həbsxanalarda onlara ardıcıl qaydada təzyiq və işgəncələr verilir. Bu problemin həlli köklü dəyişikliklə birbaşa bağlıdır. Aydındır ki, siyasi məhbusların müdafiə komitələri kimi fəaliyyətlər, hörmətli vəkillərimizin müdafiə işləri vacib və önəmlidir. Ümumilikdə siyasi məhbuslara hüquqi, siyasi, maddi - mənəvi dəstək avtoritar rejimə qarşı mübarizənin tərkib hissəsidir, əsas istiqamətlərindən biridir". 

Müraciət müəllifləri ictimaiyyət nümayəndələrini və gəncləri "#azadet #free" kampaniyasına qoşulmağa çağırıblar: "Siyasi məhbuslarla bağlı sosial mediada- facebook və twitterdə #azadet #free kampaniyasının başladırıq. Kampaniyanın məqsədi hakimiyyətdən dostlarımıza azadlıq tələbidir".

"Kampaniyasının vəzifələri yerli ictimaiyyəti onlara dəstək olmağa cəlb etməkdir. Əcnəbi hüquq müdafiə təşkilatlarını, üzvlərini, siyasətçiləri Azərbaycandakı məhbus probleminə ardıcıl yanaşmağa səsləməkdir. Kampaniya ayın 30-u axşama qədər davam edəcək. Hər kəsi tvitter və facebookda #azadet #free haştağları ilə yazmağa çağırırıq", - Qurbanlı bildirib. 

Rakurs TV