Siyasi məhbuslarla bağlı yeni hesabat yekunlaşıb

Siyasi Məhbusların Müdafiə Mərkəzi siyasi məhbuslarla bağlı yeni hesabatın yekunlaşdırıb

Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev öz "facebook" hesabında paylaşım edib. Oktay Gülalıyev hesabatın Gürcüstanda baş verən azərbaycanlı siyasi məhbuslarla bağlı həbsləri əhatə etdiyini bildirib:

"Nəhayət ki, bu ilin may ayından hazırlanmasına start verdiyimiz "Gürcüstan işi" ilə bağlı Hesabat yekunlaşdı. Hazırda sənədin üzərində son tamamlama işləri aparılır. Yaxın günlərdə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Siyasi Məhbusların Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanan “Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” mövzusunda Hesabat Gürcüstan respublikasında azərbaycanlı siyasi mühacirlərlə bağlı cərəyan edən hadisələr, qonşu ölkəyə birbaşa və ya dolayısı ilə bağlı olan və orda həyata keçirilən son həbslər, Azərbaycanlı ictimai-siyasi fəallara, jurnalistlərə, iş adamlarına qarşı təzyiqlər, bu hadisələri doğuran səbəblər, mövcud durum və vəziyyətdən çıxış yolları ilə bağlıdır".

Hüquq müdafiəçisinin sözlərinə görə, hesabatın hazırlanmasında məqsəd yerli və beynəlxalq ictimaiyətin diqqətini Gürcüstanda baş verən hadisələrə yönəltməkdir: 

"Hesabatın hazırlanmasında məqsəd Azərbaycanlı siyasi mühacirlərlə bağlı qonşu ölkədə son zamanlar baş verənləri araşdırmaq, problemi doğuran səbəbləri və çıxış yollarını özündə əks etdirən sənəd hazırlayıb onu aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim etməkdir. Diqqəti Gürcüstanda baş verən hadisələrə yönəltməklə problemin həllinə yardımçı olmaqdır". 

Sənəddə, həbs edilən (sonradan Bakı İstintaq Təcridxanasında həyatına son qoyulan-red.) Mehman Qələndərov, Fərman Ceyranlı, Gözəl Bayramlı, Əfqan Muxtarlı, eləcə də təqiblər ucbatından ölkəni tərk edib hazırda Gürcüstanda yaşayan azərbaycanlı fəallar (Dashgin Aghalarli və digərləri) barədə ayrıca bölümlər var. 

Ümid edirəm Hesabat yerli və beynəlxalq təşkilatlar üçün Gürcüstanda Azərbaycanlı ictimai-siyasi fəallara, iş adamlarına qarşı həyata keçirilən son həbsləri, təzyiqləri araşdırmaq baxımdan maraqlı sənəd olacaq. 

Sənədin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm!"