Sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaq ölüb

Faktla bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsilə cinayət işi açılıb

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi olub. Qəbələ rayonunun Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Seymur Qoşqar oğlu Mehralıyev sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. 

APA yazır ki, xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

Məlumatı xəstəxana da təsdiqləyib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.